Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda Hepatit C xəstəliyinin ağır mərhələsində bir kurs müalicənin aparılması 10 min manatdan baha başa gəlir. Trend-in məlumatına görə, bunu Azərbaycanda BMT-nin İİV, QİÇS üzrə Birgə Proqramının (UNAİDS) Azərbaycan nümayəndəliyinin rəhbəri Cəmilə Cərrahova jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu xəstələr öz şəxsi maliyyə imkanları hesabına müalicə olunurlar. Bunun üçün hələlik dövlət tərəfindən maliyyə vəsaiti ayrılmır.
Cərrahova deyib ki, Hepatit C-yə yoluxan insanların müalicəsi olduqca baha başa gəldiyindən, heç bir dövlət qurumu bu qədər maliyyəni öz boynuna götürə bilməz. Ona görə də dünyada qəbul olunmuş praktika Azərbaycanda da tətbiq olunmalıdır.
Onun fikrincə, bu problemin ən yaxşı həll yolu səhiyyə sahəsində islahatların aparılması və icbari tibbi sığorta sisteminin tətbiq olunmasıdır.
Cərrahova qeyd edib ki, Azərbaycanda Hepatit C virusuna yolumuş insanların dəqiq sayı bəlli deyil. Yalnız o məlumdur ki, İİV-lə yaşayan insanların 62,4 faizində Hepatit C mövcuddur. İİV-lə yaşayan insanlar arasında Hepatit C-yə yoluxmanın artmasına səbəb bu virusa yoluxan inyeksion narkotik istifadəçilərinin qeyri-steril vasitələrdən istifadə etməsidir.
"Azərbaycanda inyeksion narkomanların rəsmi statistikası reallığı əks etdirmir. Bu rəqəm rəsmi statistikadan ən azı 5-7 dəfə çoxdur. İndi Azərbaycanda 16 minə yaxın rəsmi qeydiyyata alınmış inyeksion narkotik istifadəçisi var", - Cərrahova deyib.