...

Azərbaycanda aliment ödəməyənlərə qarşı cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 28 Dekabr 2012 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırmanı nəzərdə tutan əməl artıq cinayət hesab olunmayacaq.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında qəbul olunan Cinayət Məcəlləsinə dəyişikliklərdə bununla bağlı maddə ləğv olunub.

Həmin maddəyə görə, əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma cinayət hesab olunurdu.

Həmçinin əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma da cinayət əməli hesab olunurdu.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında deyib ki, məhkəmə qərarlarının icrası ilə bağlı işlərin sayı kifayət qədər çoxdur.

Onun sözlərinə görə, son bir neçə ildə 140 minə yaxın iş mövcuddur. Mövcud icra işlərinin böyük hissəsi, təxminən üçdə biri alimentlərin tutulması ilə bağlıdır.

"Burda ciddi problemlər var. Alimentlərlə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə təklif olunur ki, 176-cı maddə Cinayət Məcəlləsindən cıxarılsın. Həmin maddənin sanksiyasında cəza kifayət qədər yüngüldür. Bu çıxarılandan sonra bu qəbildən olan məhkəmə qərarlarının icra edilməməsinə görə, həmin məcəllənin 306-cı maddəsi tətbiq olunacaq. Burda sanksiya kifayət qədər ciddidir. 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Bu qanunun qəbulu məhkəmə qərarlarının icrasında ciddi dönüş yaradacaq", - Hüseynli əlavə edib.

Müzakirələrdən sonra Cinayət Məcəlləsinə edilən dəyişikliklər haqqında qanun qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti