Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Dekabrın 28-də Bakı Ali Neft Məktəbində (BANM) ali məktəb və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə BANM tələbə özünüidarəetmə qurumunun təsis konfransı keçirilmişdir.
BANM-dən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan BANM rektoru Elmar Qasımov bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi demokratik islahatlar və gənclər siyasəti bizdən tələb edir ki, gənclər ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirak etsin və ölkənin inkişafına öz töhfələrini versinlər. Bununla yanaşı tələbə özünüidarəetmə qurumlarının fəaliyyəti və tələbələrin ali məktəblərdə idarəetməyə cəlb edilməsi Boloniya prosesinin əsas şərtlərindən biridir. Bu səbəbdən biz qərara gəldik ki, ali məktəbimizdə bu qurumun yaradılması prosesini və idarəetməni tam tələbələrin ixtiyarına verərək, proses şəffav və demokratik şəraitdə həyata keçirilsin. Əziz tələbələr, bu sizə verilmiş çox gözəl şansdır ki, həyata keçirmək istədiyiniz ideyalarınızı, fikirlərinizi, layihələrinizi asanlıqla reallaşdıra bilərsiniz.
Konfransda iştirak edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq qeyd etmişdir ki, çox sevindirici haldır ki, gənclərlə iş dövlət siyasətinin tərkib hissəsidir.
Millət Vəkili Ceyhun Osmanlı çıxış edərək bildirmişdir ki, bu gün Bakı Ali Neft Məktəbində yüksək səviyyədə təşkil olunmuş və demokratik əsaslarla keçirilən bu seçki ölkədə aparılan uğurlu gənclər siyasətinin nümunəvi göstəricisidir.
Konfransda çıxış edən ATGTİ sədri Şahin İsmayılov öz çıxışında əvvəlcə təsis konfransına qədər keçirilən prosedur qaydaları barədə ümumi məlumat vermiş və BANM-də tələbə özünüidarəetmə qurumunun təsis konfransının keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. O bildirmişdir ki, yaradılacaq tələbə özünüidarəetmə qurumu gələcəkdə bu müəssisənin tələbələrinin ictimai həyata cəlb olunmasında mühüm rol oynayacaq.
Konfransın proqramına uyğun olaraq BANM tələbə özünüidarəetmə qurumunun sədr seçkiləri başlanıldı. Konfransı ATGTİ sədri Ş.İsmayılov davam etdirərək seçilmiş İdarəetmə Şurasını, sədrliyə namizədləri və Təftiş Komissiyasının üzvlərini konfrans iştirakçılarına təqdim etdi. Sədrliyə namizədlər qəbul olunmuş reqlamentə uyğun çıxış etdilər. Bundan sonra tələbələrin səsverməsi əsasında BANM tələbə özünüidarəetmə qurumunun sədri, fakültə sədrləri və yaradılacaq yeni tələbə qurumunun adı seçildi. Konfransın sonunda BANM rektoru Elmar Qasımov seçilmiş heyəti təbrik etdi və gələcək işlərində uğurlar arzuladı. Beləliklə konfrans öz işini bitirdi.