Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda orta məktəblərdə psixoloq ştatlarının sayının artırılması təklif edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin əməkdaşı Zülfiyyə Sadıqova Trend-ə bildirib ki, orta məktəblərdə 1 psixoloqun ən azı 1000 şagirdlə işləməsi mümkün deyil. Bu halda işin effekti də aşağı olur.
Məktəblərdə psixoloji xidmətin təşkilini çox zəruri sayan Sadıqova deyib ki, bu gün Azərbaycanda psixologiya sahəsi üzrə ali təhsilli kadrların sayı kifayət qədərdir. Onların imkanlarından daha yaxşı istifadə etmək üçün psixoloqların məktəblərə təyinatla göndərilməsi də yaxşı olardı.
Sadıqova qeyd edib ki, çox zaman məktəblərdə psixoloq ştatına işə qəbul olunan insanlar baza təhsilli psixoloqlar olmur. Onlar ixtisasartırma kurslarında iştirak edərək sonradan ixtisaslarını dəyişmiş insanlar olurlar.
"3, 9 aylıq və 1 illik kurslarda iştirak etməklə peşəkar psixoloq olmaq mümkün deyil. Psixoloji xidmət göstərən mütəxəssis baza təhsilli psixoloq olmalıdır. Çünki şagirdlə bağlı problem yarandıqda psixoloq onunla necə işləyəcəyini, hansı metodikadan istifadə edəcəyini bilməlidir", - komitə rəsmisi əlavə edib.
Komitənin Azərbaycanda Ailə Psixoloqu İnstitutunun yaradılmasını təklif etdiyini deyən Sadıqovanın fikrincə, ölkədə dövlət hesabına, pulsuz psixoloji xidmət göstərən müəssisələr, ailəyə psixoloji yardım mərkəzləri yaradılmalıdır. Çünki bu xidmətin sayəsində ailələrdə bir çox problemlərin, o cümlədən bu gün qabarıq olan boşanma, zorakılıq hallarının qarşısı alına bilər.
Komitə rəsmisinin sözlərinə görə, psixoloji biliklərin məktəb şəraitinə, təlim-tərbiyə prosesinə tətbiq olunması çox mühümdür. Məktəbin cari həyatında baş verən problemlər - şagirdlərin təlimə marağı, təlim müvəffəqiyyətsizliyi, şagirdlərin həm yaşıdları, həm müəllimləri, həm də valideynləri ilə münasibətlərində problemlərin araşdırılması, şagirdlərin cəmiyyətin həyatına psixoloji hazırlığını təmin etmək baxımndan da psixoloji xidmət mühüm əhəmiyyət kəsb edir.
Sadıqova bildirib ki, şagirdlərlə psixoloji iş bir neçə istiqamətdə - psixoprofilaktik, konsultativ, diaqnostik, korreksiya işi və s. üzrə aparılmalıdır. İlk növbədə, psixoprofilaktik işlər sayəsində təlim prosesində şagird şəxsiyyətinin formalaşmasında, onun davranışında və psixi inkişafında baş verə biləcək mənfi halları üzə çıxarmağa imkan yaranır və qarşını almaq üçün müəyyən tədbirlər görülür. Ortaya çıxan problemlər müəllim və valideynlərlə müzakirə olunur. Şagirdlə, valideynlə və müəllimlərlə və zəruri hallarda digərləri ilə psixoloji konsultasiyalar aparılır. Konsultasiya zamanı şagirdin təlimə marağının olmamasının, neqativ davranışının, həmyaşıdları və müəllimləri ilə şəxsiyyətarası münasibətlərdəki problemlərinin və s. səbəbləri araşdırılır. Bu zaman uşağın yaş və fərdi-psixoloji xüsusiyyətləri, ailədaxili münasibətləri nəzərə alınmalıdır. Diaqnostik iş şagirdin fərdi-psixoloji xüsusiyyətlərini, potensial imkanlarını, qabiliyyətlərini, təlimə hazırlıq səviyyəsini üzə çıxarmağa imkan verir. Bu da şagırdlə aparılacaq iş üçün tutarlı informasiya verir. Problemlər müəyyən edildikdən sonra korreksiya işi aparıla bilər. Sadalanan bütün bu işlərin görülməsi peşəkar mütəxəssislər sayəsində mümkündür.
Sadıqova bu gün nəinki məktəbdə, eləcə də bütün sahələrdə psixoloji xidmətin təşkilini zəruri sayıb.
Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov isə Trend-ə hazırda ölkədəki bütün məktəblərdə psixoloqların olmadığını bildirib.
Onun sözlərinə görə, bu gün bəzi məktəblərdə psixoloq yoxdur.
"Şəhər məktəblərində psixoloqa bir o qədər də ehtiyac yoxdur. Ancaq rayonlarda elə məktəblər var ki, orada müəyyən qədər praktik psixoloqa ehtiyac duyulur. Söhbət professional işçilərdən gedir", - Əhmədov deyib.
O əlavə edib ki, ixtisaslı psixoloqlar olan orta məktəblərdə psixoloqlar sinif rəhbəri və digər müəllimlərlə birlikdə şagirdlərlə işləyə bilir. Bu da məktəbin fəaliyyətinə müsbət təsir göstərir.
Əhmədov qeyd edib ki, şagirdlərin sayından asılı olmayaraq, məktəblərdə 1 psixoloq ştatı olur. Məktəblərdə psixoloq ştatlarının sayı Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərlə müəyyənləşdirilib.
Nazirlik rəsmisi hesab edir ki, bu gün Azərbaycanda məktəblərdə psixoloq ştatının ayrılmasına ehtiyac yoxdur.