...

Azərbaycanda piratçılığa qarşı mübarizəni gücləndirmək üçün yeni sənədlər imzalanıb

Cəmiyyət Materials 25 Yanvar 2013 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Nazirlər Kabineti "Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları"nı təsdiqləyib.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, bu qərar "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunun icrasını təmin etmək məqsədilə verilib. Bu qaydalara əsasən, nüsxələrinə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestri audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılan nəzarət markalarının verilməsi üçün sənədlər, nüsxələri hazırlayan (istehsal edən) və yayan hüquqi və fiziki şəxslər , nüsxələrin adları, seriyası, nömrəsi və verilmə tarixi göstərilməklə, nəzarət markalarının sayı barədə məlumatları özündə əks etdirən dövlət informasiya ehtiyatıdır.

Dövlət Reyestri Müəllif Hüquqları Agentliyi tərəfindən aparılır və kağız və elektron daşıyıcılarda tərtib edilir.

Dövlət Reyestri Azərbaycan dilində tərtib edilir. Nəzarət markaları istifadəçiyə verildiyi tarixdən 3 iş günündən gec olmayaraq, bır sıra məlumatlar Agentlik tərəfindən reyestrə daxil edilməlidir.

NK həm də "Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası"nı təsdiqləyib. Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılan nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN, ISRC) verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması bu qayda ilə müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti