...

Azərbaycanda bəzi dərmanlar təyinatına uyğun istifadə edilmir

Cəmiyyət Materials 6 Fevral 2013 15:51 (UTC +04:00)
Son bir ildə respublikamızda bir neçə dərman vasitələrindən təyinatına uyğun olmayaraq sui-istifadə hallarına rast gəlinir.
Azərbaycanda bəzi dərmanlar təyinatına uyğun istifadə edilmir

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Son bir ildə respublikamızda bir neçə dərman vasitələrindən təyinatına uyğun olmayaraq sui-istifadə hallarına rast gəlinir.

Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov Trend-ə bildirib ki, mərkəzin apardığı epidemioloji araşdırma bunu bir daha sübut edir. Belə ki, 2012-ci ildə Respublika Narkoloji Mərkəzinə müraciət edən xəstələrin (alkoqolizm istisna olmaqla) 45%-dən çoxunu narkotik maddələrlə yanaşı, sedativ və hallusinogen təsirə malik dərman vasitələrindən istifadə edənlər təşkil edib. Ən çox rast gəlinən dərman vasitələri oftalmalogiyada istifadə olunan "Tropin" (tropikamid), "Midriasil" (tropikamid), depresiyaların müalicəsində istifadə olunan "Koaksil" (tianeptin) və qıcolma əleyhinə təsir göstərən, həmçinin neyropatik ağrıkəsici olan "Lirika" (preqabalin) preparatıdır. Adıçəkilən dərman vasitələrinin apteklərdən reseptsiz buraxılması narkotik maddə istifadəçilərinin onları asanlıqla əldə etməsinə şərait yaradır. Bu dərman vasitələri narkotik maddələrlə birlikdə və ya tək istifadə olunur. Narkotik maddə ilə birlikdə istifadə olunduqda, narkotik maddənin narkogenlik xüsusiyyətini artırır və vaxtını uzadır. Tək istifadə olunduqda isə hər biri özünə uyğun təsir effektləri göstərir.

"Tropin", "Midriasil" (tropikamid) oftalmalogiyada diaqnostik və müalicə məqsədilə istifadə olunan damcı şəklində dərman pereparatı olmasına baxmayaraq, narkotik maddə istifadəçiləri onlardan inyeksion yolla vena və ya əzələ daxilinə istifadə edirlər. İstifadə zamanı "Tropin" və ya "Midriasil" qavrama pozğunluğu (hallusinasiya, illuziya) və eyforiyaya səbəb olur. Toksiki təsiri çox güclü olduğu üçün bütün daxili orqanlara qısa müddətdə öz mənfi təsirini göstərir. İnyeksiya yerlərində çətinliklə sağalan trofiki yaralar əmələ gətirir. Asılılıq qısa müddətdə formalaşır və çətinliklə götürülür.

Mərkəz direktoru deyib ki, "Koaksil" (tianeptin) antidepresantlar qrupuna aiddir, depresiyaların müalicəsində istifadə olunur. Lakin son zamanlar "Koaksil"dən narkotik maddə kimi istifadə hallarına rast gəlinir. "Koaksil"dən kustar üsulla hazırlanmış məhlul vena daxilinə inyeksion yolla qəbul olunur. Təsiri opioid qrupundan olan narkotik maddələrin təsirinə uyğundur, lakin qısa müddətlidir. Qısa zamanda asılılıq yaradır və çətinliklə götürülür. Asılılıq əlamətləri opioidlərin qəbulunun dayandırılması nəticəsində yaranan asılılıq əlamətlərinə uyğundur. Bu zaman xəstələr aşağı ətraflarda, oynaqlarda olan ağrılar, ayaq əzələlərində qıcolmalar, üşütmə, tərləmə, əhval-ruhiyyənin enməsi və yuxu pozğunluğundan şikayətlənirlər. İnyeksiya yerlərində çətinliklə sağalan trofiki yaraların, həmçinin tromboflebit, tromboemboliyanın yaranmasına səbəb olur.

Məmmədhəsənov deyib ki, "Lirika" (preqabalin) qıcolma əleyhinə təsir göstərən və neyropatik ağrıkəsici xüsusiyyətinə malik olan dərman preparatıdır. Maksimal sutkalıq doza 600mg-dır. Son ildə maksimal sutkalıq dozadan dəfələrlə artıq (bəzən sutkada 15000mg-20000mg) miqdarda qəbul hallarına rast gəlinir. Artıq dozada qəbul zamanı eyforiyaya səbəb olur və hərdən qavrama pozğunluğu (illuziya, hallusinasiya) ilə müşahidə olunur. Narkotik maddə ilə birlikdə qəbulu narkotik maddənin narkogenlik xüsusiyyətini artırır. Narkotik maddə qəbulunu dayandırdıqda yaranan asılılıq əlamətlərinin qismən qarşısını alır ki, çox vaxt ilkin qəbul elə bu səbəbdən olur. Mütəmadi qəbul isə asılılığın yaranmasına gətirib çıxarır. Yuxarıda adları çəkilən dərman vasitələrinin hər biri özlüyündə "şəxsiyyətin deqradasiyası"na gətirib çıxarır.

Məmmədhəsənov bildirib ki, bu dərman preparatları nəinki qəbul edən şəxslərə, həmçinin onların ailə üzvləri, ən əsası cəmiyyətimiz, gələcəyimiz üçün təhlükə yaradır. Bundan əlavə, Respublika Narkoloji Mərkəzinin işində də bu dərman preparatlarının qəbulu narahatlıq yaradır.

"Belə ki, Mərkəzdə həyata keçirilən "Metadonla əvəzedici terapiya" proqramının iştirakçıları arasında da bu preparatlardan istifadə hallarına tez-tez rast gəlinir. Bu da proqramın səmərəliliyini çox aşağı salır. Vətəndaşların bu preparatların qəbulundan sonra törətdikləri cinayət hadisələri zamanı, Mərkəzdə həyata keçirilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinələrdə və məhkəmə-narkoloji tibbi yoxlamada çətinlik yaradır. Saxlanılan şəxsin sərxoş vəziyyətdə olduğu görünsə də, heç bir üsulla sərxoşluğun hansı maddənin istifadəsi nəticəsində yaranmasını müəyyən etmək mümkün olmur", - Məmmədhəsənov əlavə edib.

Mərkəz direktorunun sözlərinə görə, "Lirika", "Koaksil", "Tropin" və "Midriasil" dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətləri, xəstələr arasında rast gələn sui-istifadə və ağırlaşma halları Mərkəzin rəhbərliyinin "Tropin", "Midriasil", "Lirika" və "Koaksil" pereparatlarının respublikaya idxalının qarşısının alınması üçün Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasına müraciət etməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti