...

Azərbaycanda səkkiz nəfər quduzluqdan ölüb

Cəmiyyət Materials 1 Mart 2013 10:57 (UTC +04:00)
Ötən il ərzində Azərbaycanda səkkiz nəfər quduzluğa yoluxma nəticəsində dünyasını dəyişib.
Azərbaycanda səkkiz nəfər quduzluqdan ölüb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/

Ötən il ərzində Azərbaycanda səkkiz nəfər quduzluğa yoluxma nəticəsində dünyasını dəyişib. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri,tibb elmləri namizədi Rita İsmayılova deyib.

Onun sözlərinə görə, quduzluq zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bir çox heyvan növləri, əsasən, vəhşi heyvanlar, canavar, tülkü, eləcə də it, pişik kimi ev heyvanları bu xəstəliyə yoluxma baxımından daha çox təhlükə kəsb edir. Xəstəlik insana dişləmə, cırmaqlanma yolu ilə, habelə tüpürcək vasitəsilə keçir.

İsmayılova quduzluq xəstəliyinin müalicə olunmadığını, bu xəstəliyə yoluxmuş insanı 100 faiz ehtimalı ilə ölüm gözlədiyini bildirib.

Şöbə müdirinin sözlərinə görə, insanda xəstəliyin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə bir ilə müşahidə edilə bilər. Quduzluq xəstəliyinin hidrofobiya və aerofobiya (sudan və havadan qorxma əlamətləri), psixo-nevrotik, udqunma aktının pozulması,hallusinasiya,yüksək hərarət, dişlənmiş yerdə ağrının olması, hipersolevasiya kimi əlamətləri var.

"Buna görə də hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəkləmə və ya cirmaqlanma baş veribsə, dərhal həkimə müraciət etmək və antirabik vaksini vaxtında vurdurmaq lazımdır. Quduzluq xəstəliyindən yeganə qorunmaq yolu antirabik vaksinin və immunoqlobulinin vaxtında vurulmasıdır",-İsmayılova bildirib.

Şöbə müdiri deyib ki, ümumilikdə ötən il ərzində Azərbaycanda 15 987 nəfəri heyvan dişləyib. Ötən il baş verən heyvan dişləmələrinin sayı 2011-ci illə müqayisədə təxminən 900 hal cox olub.Heyvan dişləmələrinin 90 faizi itlər tərəfindən törədilib. Heyvan dişləmələri Azərbaycanın daha cox sərhədyani ərazilərində və şimal bölgəsində baş verir. Ismayılova dişləmələrin daha cox kəndlərdə baş verdiyini və sahibsiz heyvanlar tərəfindən törədildiyini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti