...

Azərbaycanda dini ekstremizmə görə 11 nəfərin işi araşdırılır

Cəmiyyət Materials 6 Mart 2013 12:28 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi tərəfındən ümumilikdə 438 şəxs barəsində 123 cinayət işinin istintaqı aparılıb.
Azərbaycanda dini ekstremizmə görə 11 nəfərin işi araşdırılır

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi tərəfındən ümumilikdə 438 şəxs barəsində 123 cinayət işinin istintaqı aparılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Milli Məclisə göndərilmiş 2012-ci il hesabatında göstərilib.

Hesabatda qeyd edilir ki, Nazirliyin İstintaq Baş İdarəsi tərəfındən ümumilikdə 438 şəxs barəsində 123 cinayət işinin istintaqı aparılıb, həmin cinayət işlərindən 131 şəxs barəsində 45 iş üzrə ("Dövlətə xəyanət", "Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)", "Terrorçuluq barəsində bilə-bilə yalan məlumat vermə", "Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma", "Qaçaqmalçılıq", "Narkotik vasitələrin qaçaqmalçılığı", "Narkotik vasitələrin qanunsuz daxili dövriyyəsi", "Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə", "Dərman vasitələrinin qanunsuz dövriyyəsi", "Kompyuter informasiyası sahəsində olan cinayətlər", "Oğurluq" və s. maddələri ilə) müvafıq ittiham aktları məhkəməyə verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib, cinayət işlərinin böyük əksəriyyəti məhkəmədə öz qanuni həllini tapıb, qalanları üzrə isə məhkəmə baxışı davam etdirilir.

Hesabata əsasən, Milli Təhlükəsizlik Nazirlyinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin maddi və ideoloji dəstəyi ilə qanunsuz dini cəmiyyət yaratmış və din pərdəsi altında kütləvi iğtişaşlar təşkil etmiş 1 nəfər Azərbaycan Respublikası vətəndaşı barəsində cinayət işinin istintaqı yekunlaşdırılıb və həmin şəxs məhkəmənin hökmü ilə uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Dini ekstremizmə qarşı mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində radikal çıxışları ilə dini rejimli dövlət quruluşunu təbliğ edən, eləcə də, təriqətlərarası düşmənçilik salmağa cəhd etmiş daha 11 nəfər Azərbaycan Respublikası vətəndaşı barəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti