...

Kəmaləddin Heydərov: Azərbaycanda təbii və texnogen fəlakətlər barədə xəbərdarlıq üzrə qabaqcıl təcrübələr tədbiq olunur

Cəmiyyət Materials 5 Aprel 2013 16:25 (UTC +04:00)
Azərbaycanda təbii və texnogen fəlakətlər barədə xəbərdarlıq üzrə qabaqcıl təcrübələr tətbiq olunur. Trend-in məlumatına görə, bu barədə "The Business Year" jurnalına müsahibəsində Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Kəmaləddin Heydərov: Azərbaycanda təbii və texnogen fəlakətlər barədə xəbərdarlıq üzrə qabaqcıl təcrübələr tədbiq olunur

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanda təbii və texnogen fəlakətlər barədə xəbərdarlıq üzrə qabaqcıl təcrübələr tətbiq olunur. Trend-in məlumatına görə, bu barədə "The Business Year" jurnalına müsahibəsində Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazir deyib ki, Alp-Himalay tektonik plitəsininin bir hissəsi kimi, Qafqaz dünyanın ən seysmik zonalarından biridir və Azərbaycan ərazisi aktiv tektonik zonada yerləşir.

"Qədim vaxtlardan güclü və dəhşətli zəlzələlər böyük insan tələfatına və dağıntılara səbəb olub. Bu gün bizim nazirlik təbii və texnogen fəlakətlər zamanı xəbərdarlıq sistemini təkmilləşdirmək, həmçinin fövqalədə hallar zamanı vəziyyətin qiymətləndirilməsi və monitorinq keçirilməsində ən son texnologiyaların tətbiqi üçün aparıcı ölkələrin təcrübəsindən istifadə edir", - Heydərov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hazırda təbii fəlakətləri qabaqcadan xəbər verən sistemlər quraşdırıb. Həmçinin, əhalinin təbii və texnogen fəlakətlər zamanı məlumatlandırılmasında da xeyli iş görülüb.

Fövqəladə hallar zamanı necə hərəkət etmək haqqında təlimatlar nazirliyin rəsmi saytında və qəzetində vaxtaşırı dərc olunur.

Heydərovun sözlərinə görə, həmçinin nazirlik tərəfindən müəssisələrdə, müxtəlif orqanların təhsil idarələrində və regional mərkəzlərdə gənclər arasında həyat fəaliyyətinin təhlükəsizliyi mədəniyyətinin aşılanması ilə bağlı yarışlar və müsabiqələr keçirilir, müfaviq təlimatları özündə əks etdirən bukletlər, kitabçalar, plakatlar paylanılır.

"Eyni zamanda, xüsusi diqqət əhalinin və ərazilərin qəzaların nəticələrinin sürətli ləğvini təmin edən mülki müdafiənin sisteminin təkmilləşdirilməsi yolu ilə təbii və texnogen fəlakətlərdən müdafiəsinə ayrılır", - FHN rəhbəri bildirib.

Onun sözlərinə görə, Azərbaycan axtarış-xilasetmə əməliyyatlarının effektiv həyata keçirilməsi imkanını inkişaf etdirərək, həmçinin əhalinin təxliyyəsinin təşkili üzrə tədris proqramlarını tətbiq edərək mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsini artırır.

Bu gün əsas vəzifələrdən biri Zaqatala, Qax və Balakən rayonlarında zəlzələdən zərər çəkən yaşayış evlərinin və infrastrukturun bərpa olunmasıdır.

"Zəlzələdən sonra xüsusi komanda mərkəzi yaradıldı. Regionda yerli qüvvələrlə əməkdaşlıq nəticəsində axtarış-xilasetmə və zərəçəkənlərin təxliyyəsi ilə məşğul olan operativ xilasetmə qüvvələri səfərbər olundu. Bundan başqa, yerli infrastruktur və sosial obyektlərin qəza vəziyyətini müəyyən etmək üçün tədbirlər görüldü. Nazirlik bu regionların sakinlərinə çadır, ərzaq məhsulları və tikinti materialları göndərdi", - Heydərov bildirib.

Fövqəladə hallar nazirinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlət başçısının göstərişi ilə ehtiyat fondundan 20 milyon manat, 2012-ci ilin dövlət büdcəsindən isə 300 milyon manat ayrılıb. Hazırda dövlət başçısı tərəfindən qoyulan bu əhəmiyyətli tapşırığın vaxtında həyata keçirilməsi üçün lazımi tədbirlər görülür.

"Əhalini və əraziləri daşqınlardan qorumaq məqsədilə ölkənin yeraltı və yerüstü su resurslarının idarə olunması üzrə kompleks tədbirlər görülür. Bununla bağlı su tutumlarının hidrotexniki qovuşuqlarının, su anbarlarının, bəndlərin, kollektor-drenaj sistemlərinin və onlarla bağlı hidrotexniki tikintilərin texniki təhlükəsizliyinin etibarlı müdafiəsinin təminatına əhəmiyyət verilir", - o bildirib.

Nazirin sözlərinə görə, bununla bağlı Prezidentin fərmanı ilə 2011-ci ildə FHN yanında Su Ehtiyatları Dövlət Agentliyi yaradılıb ki, bu da çox vacib və proqressiv addımdır. Bundan başqa, nazirlik əməkdaşların peşəkarlığının artırılmasına, bilik və bacarıqlarının möhkəmləndirilməsinə də xüsusi diqqət ayırır.

Heydərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi radiasiya qəzasına hazırlıq səviyyəsinin artırılması məqsədilə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

Nazir qeyd edib ki, 2008-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ölkədə nüvə və radiasiya təhlükəsizliyi sahəsində münasibətlərin nizamlanması və beynəlxalq öhdəliklərin lazımi icrası məqsədilə FHN yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılıb.

"Bu Dövlət Agentliyi nüvə təhdidlərinin qarşısının alınması ilə, həmçinin nüvə və radioloji fəaliyyətin nizama salınması üzrə dövlət siyasətinin işlənib hazırlanması ilə məşğul olur", - Heydərov bildirib.

Onun sözlərinə görə, radiasiya qəzalarına hazırlıq və cavab tədbirləri planının mövcudluğu, heyətin lazımi hazırlığı və maddi-texniki vasitələr agentliyin nəzarəti altındadır.

"Lakin biz nüvə və radiasiya qəzaları zamanı institusional və təşkilati səviyyələrdə BAEA ilə radiasiya qəzalarına hazırlıq səviyyəsinin artırılması məqsədilə əməkdaşlığa böyük əhəmiyyət veririk", - Heydərov bildirib.

Nazirin sözlərinə görə, nazirliyin əməkdaşları BAEA tərəfindən nüvə təhlükəsizliyi sahəsində həyata keçirilən bir sıra layihələr çərçivəsində baş tutan təlimlərdə, seminarlarda və digər tədbirlərdə iştirak edirlər.

"Biz BAEA-nın və digər aparıcı ölkələrin bu sahədə olan təcrübəsinə böyük əhəmiyyət veririk", - Kəmaləddin Heydərov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti