...

İşə götürülən zaman sınaq müddəti niyə tətbiq olunur?

Cəmiyyət Materials 6 May 2013 11:01 (UTC +04:00)
Sınaq müddətinin 3 aydan artıq olmadığını diqqətə çatdıran vəkil qeyd edib ki, sınaq müddətinə işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtı daxildir.
İşə götürülən zaman sınaq müddəti niyə tətbiq olunur?

Azərbaycan, Bakı, 6 may /Trend/

İşə qəbul zamanı çoxumuz sınaq müddəti ilə işə götürülürük. Bəs, sınaq müddətinin tətbiqi nə üçün lazımdır?

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquqşünası Dünyamin Novruzov bildirib ki, sınaq müddəti işçinin peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra etmək bacarığının yoxlanılması məqsədilə tətbiq edilir. Əgər əmək müqaviləsində sınaq müddətinin tətbiqi nəzərdə tutulmayıbsa, onda həmin əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab edilir.

Sınaq müddətinin 3 aydan artıq olmadığını diqqətə çatdıran vəkil qeyd edib ki, sınaq müddətinə işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtı daxildir.

"İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir", - vəkil deyib.

Novruzovun sözlərinə görə, dövlət qulluqçuları üçün sınaq müddətinin müəyyən olunması qaydası fərqlidir. Belə ki, "Dövlət qulluğu haqqında" qanunun 28.6-cı maddəsinə əsasən, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir.

Novruzov qeyd edib ki, bəzi kateqoriyalı şəxslər sınaq müddəti tətbiq edilmədən işə qəbul edilir. Bu şəxslərin dairəsi Əmək Məcəlləsinin 52-ci maddəsi ilə müəyyən edilib.

Həmin maddəyə əsasən, yaşı 18-dən az olan şəxslərlə; müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla; hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə və tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir.

Vəkilin sözlərinə görə, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əgər tərəflərdən heç biri sınaq müddəti bitənədək əmək müqaviləsinin xitamını tələb etməyibsə, onda işçi sınaqdan çıxmış hesab edilir.

Novruzov bildirib ki, qanunvericilik işçinin sınaqdan çıxması ilə bağlı işəgötürən tərəfindən ayrıca əmrin verilməsini nəzərdə tutmur. Yəni, bu halda işçi əmək fəaliyyətinə başladığı ilk gündən işə qəbul edilmiş sayılır.

İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

Novruzovun sözlərinə görə, sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilir. İşəgötürən bu haqda əmrində işçinin sınaq müddətində özünü doğrultmadığına dair halları təsdiq edən sübutları göstərməli və əsaslandırmalıdır.

Həmçinin əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən, həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti