...

Mehriban Əliyeva: Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaq

Cəmiyyət Materials 7 May 2013 14:21 (UTC +04:00)
Mayın 7-də Milli Məclisin növbəti iclası keçirilmişdir.
Mehriban Əliyeva: Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaq

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də Milli Məclisin növbəti iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyi barədə məlumat vermişdir. Bildirilmişdir ki, iclas Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət etmişdir. İclasda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələyə də baxılacaqdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi barədə məruzə ilə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, milli liderlər dünyalarını dəyişəndən sonra da onların şəxsiyyətinin sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır.

Hər tarixi inkişaf dövrü özünün görkəmli şəxsiyyətlərini yetişdirir. Amma elə şəxsiyyətlər də var ki, zamanın fövqünə yüksələrək, yaşadıqları dövrün xarakterik cizgilərini müəyyən edirlər. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Onun xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.

Ötən əsrin 60-cı illərinin sonlarında və 90-cı illərinin əvvəllərində Heydər Əliyevin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaqlar dövrünə təsadüf etmişdir.

Daha doğrusu, tarixi məqamın özü qeyri-adi şəxsi keyfiyyətlərə malik olan bu xarizmatik insanın hakimiyyətə gəlməsini zərurət kimi irəli sürmüşdür.

1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdı.

Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoymuşdur. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət almış, kənd təsərrüfatı istehsalı dəfələrlə artırılmış, minlərlə yeni sənaye müəssisəsi inşa edilmişdir. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir. Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməli yaradılmışdır. Bunu belə bir fakt da sübut edir ki, keçmiş SSRİ məkanında İttifaq büdcəsindən heç bir dotasiya almayan iki respublikadan biri Azərbaycan idi.

Bu illər Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdi, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratmışdır.

Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısı vaxtında, qətiyyətlə alınırdı.

SSRİ-nin 1977-ci ildə qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı.

Onlar İttifaq rəhbərliyindəki havadarlarının köməyi ilə Dağlıq Qarabağın statusu məsələsini ortaya atmağa çalışırdılar.

Yalnız Heydər Əliyevin qəti mövqeyi Azərbaycana qarşı növbəti düşmənçilik hərəkətinin qarşısını almağa imkan yaratdı.

1978-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.

Mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi.

Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Ulu öndər Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olacaq problemləri həll edirdi. Məhz onun xidməti sayəsində Azərbaycanda orta pillə hərbi kadrlar hazırlamaqda ixtisaslaşan tədris müəssisəsi - C.Naxçıvanski adına hərbi məktəb yaradıldı.

Hərbi mütəxəssislər hazırlayan ali tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, bu məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırılmışdır. Minlərcə azərbaycanlı gənc Rusiyanın, digər respublikaların hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. O dövrdə hazırlanan kadrlar sonralar milli ordumuzun özəyini təşkil etdilər.

1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın problemlərini diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul etmişdi.

Heydər Əliyevin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi.

1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar.

Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım olmuşdur.

...Mən burada bir məqama diqqəti cəlb etmək istəyirəm.

Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü özündən əvvəlki dövrlə müqayisə edəndə tam aydın olur ki, etibarlı siyasi rəhbərlik amili hər bir cəmiyyət və dövlət üçün nə qədər böyük həyati əhəmiyyətə malikdir.

1948-1950-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiya edilməsini, 1960-cı illərin ortalarından başlayaraq respublikada ictimai-siyasi, sosial-iqtisadi və mənəvi böhranın dərinləşməsini, cəmiyyətdə düşkünlüyün hökm sürməsini, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsini, digər hadisələri yada salaq.

Bu həqiqəti biz 1988-1993-cü illərdə yenidən görüb yəqin etdik. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gətirib çıxardı.

Ermənistandan qaçqınların axını, Sumqayıt fitnəkarlığı, Qanlı Yanvar qırğını, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı, digər faciələr, Şuşanın, Laçının, digər torpaqlarımızın işğal edilməsi, insanlarımızın yerindən-yurdundan didərgin salınması − bütün bunlar Azərbaycanı diz çökdürməyə yönələn böyük planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri idi. O vaxt çoxları inanmırdı ki, Azərbaycan bu qədər böyük təhlükələrdən qurtula biləcək və müstəqilliyini qoruyub saxlayacaqdır. Amma bizim hamımızın canlı şahidi olduğumuz vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı tarixin gedişini dəyişdi, Azərbaycan üçün yazılmış ssenariləri alt-üst etdi.

1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu.

Tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə cərəyan edən proseslərə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti haqqında danışmaq mümkün olmazdı.

Ulu öndərimizin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə bir kəlamında çox dəqiq ifadə olunmuşdur: "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".

Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı yolunda ilk addım onun Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi olmuşdur. Ümummilli liderimiz Prezident seçilənədək dörd aya yaxın parlamentə rəhbərlik etmişdir.

Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri kimi fəaliyyəti ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi.

Milli Məclis xalqı narahat edən problemlərin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi.

Azərbaycan dövlətini tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz məhəbbət tələb olunurdu. Mübaliğəsiz söyləmək olar ki, ümummilli liderimizin dünyanın qoluzorlularının iradəsinə qarşı çıxması onun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Tamamilə təbiidir ki, sonralar ölkənin qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü "Milli qurtuluş günü" kimi dəyərləndirdi.

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək timsalına çevrilmişdir.

1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Ulu öndərin xilaskarlıq missiyasında ilk tədbiri xalqımızın siyasi varlığı üçün böyük təhlükə törədən, ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq oldu.

Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi.

Silahlı qüvvələr vahid komandanlığa tabe olmayan intizamsız, pərakəndə dəstələrdən ibarət idi.

Ulu öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü.

Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu.

Azərbaycan ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənən silahlı qüvvələrimizdən aldığı zərbələr Ermənistan Respublikasını Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığına inandırdı.

1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı.

Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi.

Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı.

Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı.

Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi.

Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradıldı.

Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı.

Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı.

Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı.

Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı.

Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu.

Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrildi.

Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi, dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri yaradıldı.

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi.

Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı.

Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı.

Ölkədə onlarca yeni siyasi partiya yaradıldı və sərbəst fəaliyyətə başladı.

Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu.

Milli mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsi oldu.

Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəyə çevrildi.

Bu möhtəşəm işlərin gerçəkləşdirilməsində Milli Məclis həmişə ümummilli liderimizin yanında olmuş, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir.

Yeri gəlmişkən, qeyd edim ki, ulu öndər parlamentə daim böyük diqqət və qayğı göstərmişdir.

1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir.

Sonrakı dövrdə də ulu öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir.

Azərbaycanda yeni siyasi və hüquqi sistemin yaradılması məqsədi ilə Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bir çox mühüm qanunvericilik aktları qəbul etmişdir.

Ümumiyyətlə, ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar ümummilli liderimizin imzası ilə parlamentə təqdim edilmiş və Milli Məclis tərəfindən qəbul olunmuşdur. Beləliklə, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin hakimiyyətə qayıdışından sonra göstərdiyi xidmətlər barədə belə demişdir: "1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu.

Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı.

Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir".

Xalqımızın bütün müsbət keyfiyyətlərini öz şəxsiyyətində təcəssüm etdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Onun dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti və əzmkarlığı üzvi vəhdət təşkil edirdi.

Bütün varlığı vətənə məhəbbətlə yoğurulmuşdu, gücünü xalqdan alırdı. Xalq da Heydər Əliyevə sonsuz sevgisi və sədaqəti ilə cavab verirdi. Tale Heydər Əliyevi xüsusi bir missiya üçün seçmişdi.

O, özü də bunu hiss edirdi. Bu hiss, bu düşüncə ona güc verirdi, başqalarını aciz edən maneələri aradan qaldırmaqda, xalqımız üçün hazırlanmış buxovları qırmaqda ona kömək edirdi.

Heydər Əliyevin ruhu şaddır, çünki zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir, başladığı işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası hər gün yeni bəhrələr verir.

Bu gün Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü kimi geniş bir bölgədə söz sahibi olan, dinamik inkişafı ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətdir.

Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl surətdə irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.

Bu gün Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ciddi tədqiqatların mövzusudur.

Ulu öndərin zəngin irsinin öyrənilməsində və təbliğində Azərbaycan parlamenti də yaxından iştirak edir.

Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir.

Burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən stendlər, bədii kitablar və elmi tədqiqat əsərləri, digər eksponatlar Milli Məclisin qonağı olan dövlət və hökumət başçılarının, parlament nümayəndələrinin böyük marağına səbəb olur.

Heydər Əliyev ömrünün hər günü indiki və gələcək nəsillər üçün bir örnəkdir.

Tamamilə məntiqlidir ki, onun həyatına və fəaliyyətinə həsr edilən araşdırmalar zaman keçdikcə daha geniş miqyas alır.

İndiyədək Milli Məclis ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir neçə kitab hazırlayıb nəşr etmişdir.

Bu günlərdə "Parlament tariximizin Heydər Əliyev dövrü" adlı yeni kitab işıq üzü görmüşdür. Bu kitab ümummilli liderimizin 90 illik yubileyinə Milli Məclisin kiçik bir töhfəsidir. Nəfis tərtibatlı kitabın hazırlanması zamanı Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində fəaliyyətini əks etdirmək arzusu əsas götürülmüşdür.

İnanıram ki, bu istiqamətdə görülən işlər davam etdiriləcək və yeni-yeni kitablar oxuculara təqdim ediləcəkdir.

...Azərbaycan xalqı son yüz ildə iki dəfə dövlət müstəqilliyi əldə etmişdir - 1920-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də.

Hər iki dövlətin tarixi taleləri müəyyən məqama qədər oxşar, qarşılaşdığı problemlər təxminən eyni olmuşdur. Erməni təcavüzü, xarici qüvvələrin təxribatları, daxildə hakimiyyət uğrunda mübarizə...

Əsrin əvvəllərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblər üzündən cəmi 23 ay yaşaya bilmişdir.

Əsrin sonlarında yenidən tarix səhnəsinə çıxan müstəqil dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Amma bu dəfə Heydər Əliyev şəxsiyyətinin mövcudluğu dövlət müstəqilliyinin itirilməsinə səbəb ola biləcək təhlükələrin aradan qaldırılmasında müstəsna rol oynadı.

Böyük dövlət xadimlərindən biri demişdir ki, "Siyasət mümkün olanı bacarmaq sənətidir".

Amma ümummilli liderimiz özünün bütün fəaliyyəti ilə sübut etdi ki, siyasət həm də mümkün olmayanı bacarmaq sənətidir.

Heydər Əliyev mümkün olmayanı edə bildi, məhvə məhkum olan dövləti qoruyub yaşatdı və xalqımıza ərməğan etdi. Əminəm ki, Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim var olacaq, ulu öndərin dediyi kimi, "əbədiyyətə qədər yaşayacaqdır".

Sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Fəttah Heydərov, Arif Rəhimzadə, Əli Əhmədov, Zeynəb Xanlarova, Eldar İbrahimov və Əli Hüseynli Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdılar. Bildirildi ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizin iqtisadi tərəqqisi və digər sahələrdə həyata keçirilən nəhəng işlərin bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Diqqətə çatdırılmışdır ki, bu xidmətləri sayəsində Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə yenilməz qala ucaltmışdır.

Sonra iclasda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

İclasda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələyə də baxılmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva amnistiya aktı ilə bağlı çıxış edərək demişdir.

- Hörmətli həmkarlar, bir neçə gündən sonra biz dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcəyik.

Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır. Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o, çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətsizlik, satqınlıq və xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtı ilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək həmin insanların böyük əksəriyyətini bağışladı və bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi.

Bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində bağışlamaq aktıdır. Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır.

Əziz dostlar, mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə və mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub.

Diqqətinizə təqdim olunan qərarda təqribən 9000 min şəxsin Amnistiya aktının təsiri altına düşməsi nəzərdə tutulub. Onlardan 2000-dən artıq məhkumun azad olunması gözlənilir. Mən ümidvaram ki, azadlığa çıxan insanlar öz səhvlərini dərk edəcəklər, bir də gələcəkdə belə səhvlərə yol verməyəcəklər, ailələrinə qovuşacaqlar, cəmiyyətimizdə öz yerlərini tutacaqlar.
Mən, hörmətli həmkarlar sizi bu qərarı dəstəkləməyə çağırıram və diqqətinizə görə çox sağ olun.

Daha sonra Amnistiya aktı barədə danışan parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Ümummilli Liderin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi sizlərə təqdim edilmişdir. Sənədə hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılmış, onun qanunvericilik texnikası baxımından mükəmməl hazırlandığı, bu növ qərarların indiyədək mövcud olmuş təcrübəsinə əsaslandığı qeyd olunmuş və müzakirənizə təqdim olunmuşdur. Bu Amnistiya aktının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanması və təqdim olunması da cəmiyyətimiz tərəfindən alqışlanır. Çünki Heydər Əliyevin sosial, ictimai və mədəni irsinin ən yaxşı davamçısı məhz Heydər Əliyev Fondudur. Amnistiya aktının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyildir. Məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya təsisatlarını bərpa etmişdir.

Komitə sədri qeyd etmişdir ki, amnistiya aktının layihəsinə əsasən, 9000 nəfərin təxminən 2000 nəfəri azadlıqdan məhrumetmə cəzasından tamamilə azad olunacaqdır.

Təxminən 240 şəxsin azadlıqdan məhrumetmə cəzası azaldılacaqdır. Bu amnistiya şərti məhkum olunmuş 1463 şəxsin 256-na, islah işlərinə məhkum olunmuş şəxslərin isə hamısına tətbiq olunacaqdır.

Çıxışının sonunda Əli Hüseynli bu Amnistiya aktının cəzadan azad olunmuş vətəndaşların Vətənə sədaqət və qanuna hörmət ruhuna müsbət təsir göstərəcəyinə inamını ifadə etmişdir.

Sonra Amnistiya aktı səsə qoyularaq yekdilliklə (114 səs) qəbul edildi.

Bununla da Milli Məclisin iclası başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti