...

Elmin İnkişafı Fondunda Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib

Cəmiyyət Materials 10 May 2013 15:14 (UTC +04:00)
Elmin İnkişafı Fondunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Elmin İnkişafı Fondunda Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

Elmin İnkişafı Fondunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Fonddan cümə günü Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd etmişdir ki, bəşər tarixində silinməz izlər qoymuş və qoymaqda olan böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev də hakimiyyətinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Diqqətəlayiq haldır ki, yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanmışdır. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərmiş, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görmüşdür.

Ümummilli lider Heydər Əliyevin elmin inkişafına və elm xadimlərinə olan xüsusi diqqət və qayğı siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi vurğulanmışdır.

Elmin İnkişafı Fondunun məsləhətçisi Xanım Daşdəmirova "Heydər Əliyev və elm" mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət vermişdir. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanmasıdır.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Univesitetinin elmi işlər üzrə prorektoru, əməkdar elm xadimi, professor İbrahim İsayev qeyd etmişdir ki, cəmiyyətin tərəqqisinin, elm, mədəniyyət və mənəviyyatın inkişafının ən qüdrətli vasitəsi rolunu oynayan elm və təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin üstün istiqaməti kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş epoxasının ümdə qayəsini ifadə edən önəmli cəhət kimi bu gün də böyük rəğbətlə xatırlanır. Keçən əsrin 70-80-ci illərində ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq, Azərbaycan xalqının böyük bir nəsli mükəmməl təhsil almış, yüksək səviyyəyə çatmış, dünya elminə və mədəniyyətinə sahib olmuşdur.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Fəzayıl Vəliyev çıxışında qeyd etmişdir ki, ötən əsrin sonlarına doğru istiqlaliyyət əldə edən Azərbaycan yenə də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Ulu öndər ictimai həyatın ən müxtəlif sahələrində olduğu kimi, elmi-intellektual sferada hökm sürən tənəzzülün də qarşısını almış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırmış, elmin inkişafına, ziyalılara diqqət və qayğını gücləndirmiş, elmin milli əsaslar üzərində dünyaya inteqrasiyasını başlıca vəzifə kimi qarşıya qoymuşdur.

Gənc alim, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov və Elmin İnkişafı Fondunun 1-ci "Şuşa qrantı" müsabiqəsinin qalibi olmuş layihənin rəhbəri Xaqani Nəsibov öz çıxışlarında yaradıcısı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycanda elmin qarşısında duran əsas vəzifələrdən birinin də milli ideya, milli ideologiya, düşüncə sistemi, Azərbaycançılıq məfkurəsi və digər bu kimi fəlsəfi-siyasi mövzularda sanballı araşdırmalar aparmaq, milli özünüdərkin güclənməsinə yardımçı olmasını qeyd etmişlər. Milli ruhlu, kreativ düşüncəli gəncliyin yetişməsi isə qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi bir zamanda ümumi müqavimətin təşkili baxımından vacibdir. Xüsusən də humanitar və ictimai elmlər sahəsində tədqiqatlar aparan alimlərin üzərinə ciddi vəzifələr düşür.

Bu əlamətdar gündə Elmin İnkişafı Fondu özünün iki yeni müsabiqəsinin - 2013-cü il üçün beynəlxalq xarakterli 2-ci "Şuşa qrantı" birgə müsabiqəsinin (YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə) və 2-ci "Mobillik qrantı" müsabiqəsinin keçirilməsi haqqında elanlarını vermişdir.

Sonda qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsinin davamı kimi 2013-cü il 16-18 may tarixlərində, Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə "Azərbaycan 2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi" mövzusunda Beynəlxalq Seminar - Treninq keçiriləcək. Tədbirin həm-təşkilatçısı Ukrayna Milli Texniki Universiteti - "Kiyev Politexnik İnstitutu"dur.

Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin həyat yolunu əks etdirən film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti