...

Nabi Avçı: Bəzi firmalar Türkiyədə təhsil almaq istəyən azərbaycanlı gənclərə yalançı vədlər verirlər

Cəmiyyət Materials 22 May 2013 15:36 (UTC +04:00)
Bəzi firmalar Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən gənclərə çox da düzgün olmayan məlumatlar, yalançı vədlər verirlər.
Nabi Avçı: Bəzi firmalar Türkiyədə təhsil almaq istəyən azərbaycanlı gənclərə yalançı vədlər verirlər

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İsabalayeva/

Bəzi firmalar Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən gənclərə çox da düzgün olmayan məlumatlar, yalançı vədlər verirlər. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında Türkiyənin milli təhsil naziri Nabi Avçı deyib.

O qeyd edib ki, bəzi firmalar mövcud olmayan universitet ixtisaslarına tələbə qəbulu aparmaq üçün yalançı vədlər verirlər: "Türkiyənin Azərbaycandakı səfirliyi də bu barədə düzgün məlumat yayıb. Belə bir açıqlamanın verilməsinə ehtiyac duyulub".

Avçı Türkiyədə oxumaq istəyən azərbaycanlı gənclərin universitetlərə qəbulu üçün düzgün yolu da açıqlayıb. O bildirib ki, təhsil almaq məqsədilə Azərbaycandan Türkiyəyə getmək istəyən gənclər universitetlərə müraciətləri səfirlik vasitəsilə edəcəkləri təqdirdə, problemlə qarşılaşmayacaq və bundan ziyan çəkməyəcəklər.

Nazirin sözlərinə görə, Türkiyədəki universitetlərə qəbul üçün müraciətlər artıq internetlə mümkün olduğundan gənclər ya birbaşa onların özlərinə, ya da Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etməklə daha etibarlı məlumat ala bilərlər.

O, fəaliyyəti bəlli olmayan vasitəçi qurumlara etibar edilməməsini də vacib sayıb: "Azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil almalarından çox şadıq. Azərbaycandan Türkiyəyə oxumağa gələn azərbaycanlı gənclərin burada hər hansı problemlə üzləşməsini istəmirik. Buna görə də onların Türkiyəyə oxumaq üçün ən yaxşı və etibarlı yollarla gəlmələrini arzulayırıq ki, onların ailələrinə də ziyan dəyməsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti