Azərbaycan, Bakı, 23 may /Trend/
Əlillərin əmək hüquqlarının qorunması, bu təbəqədən olan insanların məşğulluğunun və işlə təminatının təşkili, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsi həmişə aktual məsələlərdən olub. Bu səbəbdən də əlillərin əmək hüquqlarının qorunması həm milli qanunvericilik, həm də beynəlxalq qanunvericilikdə xüsusilə əhəmiyyət kəsb edir.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirib ki, bu sahədə qəbul edilmiş qanunlar əlillərə əmək münasibətlərinin həyata keçirilməsində, digər şəxslərlə münasibətlərdə bir sıra üstünlüklər və imtiyazlar verir.
Onun sözlərinə görə, Əmək Məcəlləsində əlillərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir:
"Digər şəxslərlə münasibətdə əlillərin əmək hüquqlarının həyata keçirilməsi ilə bağlı Azərbaycan qanunvericiliyində bir sıra fərqli qaydalar nəzərdə tutulub. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda əlillərin əmək hüquqlarının müdafiəsi məqsədilə bir sıra qadağalar müəyyən edilib. Belə ki, həmin qanunda işəgötürənlərə əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina edilməsi, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağan edilir. Bu qadağalar yalnız Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil edir".
Onun sözlərinə görə, Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə iş və istirahət vaxtı, məzuniyyət hüquqları, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı üstün qaydalar nəzərdə tutulub. Belə ki, 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsini bu norması 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının son həddini müəyyən etməklə, bu kateqoruyadan olan işçilərlə əmək müqaviləsi bağlanarkən, habelə kollektiv müqavilələrdə, hətta həftə ərzində 36 saatdan da az iş vaxtı müəyyən etməyə imkan verir. Əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müəyyən edilməsi onların digər əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.
Zamanlının sözlərinə görə, əlillər həm də natamam iş vaxtı hüququndan istifadə edə bilərlər:
"Digər şəxslərin natamam iş vaxtından istifadə etməsi işəgötürənin razılığı ilə həyata keçirildiyi halda, qanunvericilik əlillərin bu hüququnun təmin edilməsini işəgötürənlərin üzərinə bir vəzifə kimi qoyur. Natamam iş vaxtı həftə ərzində müəyyən edilmiş gündəlik iş vaxtının müəyyən saat azaldılmasını, gündəlik iş saatı saxlanılmaqla həftəlik iş günlərinin sayının azaldılmasını nəzərdə tuta bilər. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən əlillərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması qanunla qadağan edilir".
Zamanlı deyib ki, əmək qanunvericiliyinə əsasən, əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyalarının rəyi nəzərə alınmaqla yol verilir.
Əlillərin istirahət hüququ ilə bağlı məsələyə toxunan hüquqşünasın sözlərinə görə, əlillik qruplarından və səbəblərindən asılı olmayaraq əlillərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Belə ki, Əmək Məcəlləsində əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə verilən əmək məzuniyyətinin müddəti ən azı 42 təqvim günü müəyyən edilib:
"Bundan başqa, əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) digər şəxslərə verilən ödənişsiz məzuniyyətin müddəti ilə müqayisədə daha çox, azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyətin verilməsi nəzərdə tutulur. Əlillər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək, əmək məzuniyyətindən arzusu ilə onlar üçün əlverişli olan vaxtda istifadə etmək hüquqlarına da malikdirlər".
Həmçinin əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.
Zamanlı deyir ki, qeyd edilənlərlə yanaşı, qanunvericilikdə əlillərə əmək hüquqlarını həyata keçirməyə imkan verən müəyyən üstünlük də mövcuddur:
"Belə ki, müvafiq müəssisədə, idarədə və ya təşkilatda işçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Habelə, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər attestasiya olunmaqdan azad olunurlar. Xüsusi olaraq qeyd edək ki, müvafiq müəssisədə, idarədə və təşkilatda işəgötürənlərin öz təşəbbüsü ilə əlillərə müəyyən üstünlüklər verməsi halları da qanunla qadağan edilmir. Qanunvericiliyə görə, müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlill işçilərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin".
O bildirib ki, Azərbaycanda əlillərin əmək hüquqları 2008-ci ildə qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyaya ilə də müdafiə olunur:
"Həmin Konvensiyaya görə, iştirakçı dövlətlər əlillərin əmək hüququnu tanıyırlar. Həmçinin bu sənəd əlillərə münasibətdə ayrı-seçkiliyi qadağan edir. Beynəlxalq qanunvericilikdə bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırılma, əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarını digər şəxslərlə bərabər həyata keçirə bilməsinin təmin edilməsi, əlillərin dövlət sektorunda işə qəbul edilməsi kimi hüquqları xüsusi yer tutur".
Zamanlının sözlərinə görə, əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması və təmin edilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil etməli və bu kateqoriyadan olan işçilərin reabilitasiya işinin vəziyyəti, onlara qayğı və diqqət göstərilməsi dövlət əhəmiyyətli məsələ hesab edilməlidir.