...

Nəqliyyat Nazirliyi: Bakıda sərnişindaşımanın keyfiyyəti artırılacaq

Cəmiyyət Materials 12 İyun 2013 16:10 (UTC +04:00)
Sürücülərin təsbit edilmiş əməkhaqqına keçməsi Bakıda ictimai nəqliyyatda daşımaların keyfiyyət və təhlükəsizliyini artırmağa imkan verəcək.
Nəqliyyat Nazirliyi: Bakıda sərnişindaşımanın keyfiyyəti artırılacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

Sürücülərin təsbit edilmiş əməkhaqqına keçməsi Bakıda ictimai nəqliyyatda daşımaların keyfiyyət və təhlükəsizliyini artırmağa imkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Hazırda Bakıda sərnişin avtobuslarının sürücüləri planlı ödəniş sistemində işləyirlər. Bu ilin iyun ayında ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiq edilməsi ilə avtobus sürücülərinin təsbit edilmiş əməkhaqqına keçidi həyata keçiriləcək.

Həsənovun sözlərinə görə, bunun nəticəsində sürücülərin qazanc üçün bir-birilərini təqib edərkən yol hərəkəti qaydalarının pozulması və sürət həddinin artırılmasının qarşısı alınacaq və avtobuslar yalnız təyin edilmiş yerlərdə saxlanılacaq.

İctimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədilə daşıyıcıların sayının azaldılması barədə qərar qəbul edilib. Nəticədə paytaxtda daşıyıcların sayı təqribən 210-dan 50-dək azalıb. Qalan daşıyıcılara müvafiq tələblərə uyğun olaraq, sürücüləri işə qəbul etmək tövsiyə edilib. İşə əmək stajı ən azı 3 il olan və yaşı 21-dən az olmayan sürücülər qəbul edilir. Bu zaman sürücülərin şəxsi keyfiyyətləri də nəzərə alınmalıdır.

Bundan başqa, daşıyıcılar xəbərdar ediliblər ki, qəza və insan ölümü baş verəcəyi təqdirdə, istifadə edilən marşrutların işi və onların marşrutlarda fəaliyyəti dayandırılacaq.

Həsənov bildirib: "Tədbirlərin sərtləşdirilməsi nəticəsində son bir neçə il ərzində vəziyyət xeyli yaxşılaşıb, lakin problemlər hələ də qalır və onlarla mübarizə davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti