...

Bu il Azərbaycanda 400-dən çox qida zəhərlənməsi baş verib

Cəmiyyət Materials 28 İyun 2013 13:44 (UTC +04:00)
Bu il ərzində Azərbaycanda 400-dən çox qida zəhərlənməsi baş verib.
Bu il Azərbaycanda 400-dən çox qida zəhərlənməsi baş verib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu il ərzində Azərbaycanda 400-dən çox qida zəhərlənməsi baş verib.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Hələlik ölkədə qida zəhərlənməsi ilə bağlı narahatedici vəziyyətin olmadığını söyləyən İ.Abdullayev deyib ki, indiyədək ictimai iaşə obyektlərində məhsullardan zəhərlənmə qeydə alınmayıb. Onun sözlərinə görə, qida zəhərlənmələri əsasən ev şəraitində baş verir. İ.Abdullayev qeyd edib ki, qidaların emalı, saxlanması çox ciddi rejim tələb edir. Bunlara əməl olunmadıqda zəhərlənmələr baş verir: "4-5 il əvvələ nisbətən qidadan zəhərlənmə halları azalıb. Ancaq buna baxmayaraq, hələ də müəyyən narahatediici faktorlar var".

Yay aylarında meyvə-tərəvəzdən də zəhərlənmə hallarının olmasının mümkünlüyünü deyən İ.Abdullayev bildirib ki, yay fəslində insan orqanizminin suya tələbatı artdığı üçün mütləq maye qəbul edilməlidir. Bu mayenin bir hissəsi meyvə-tərəvəz vasitəsilə orqanizmə daxil olur.

Mərkəz rəsmisinin sözlərinə görə, meyvə-tərəvəzlərin təkibində su olmaqla yanaşı, xeyirli vitaminlər, mineral maddələr də var. Meyvə-tərəvəz orqanizmdəki mübadilə prosesini də normaya salır: "Ancaq söhbət ondan gedir ki, qəbul etdiyimiz qida necə olmalıdır? Meyvə-tərəvəzi necə qəbul etməliyik. Meyvə-tərəvəz ilk növbədə təzə halda qəbul edilməlidir. Çünki meyvə-tərəvəz nə qədər təzə dərilmiş halda qəbul edilirsə, onun tərkibindəki mineral maddələr, vitaminlər də bir o qədər çox, parçalanmamış halda olur".

İ.Abdullayev bildirib ki, meyvə-tərəvəz bir qədər sərin halda qəbul edilməlidir. Çünki o, nə qədər sərin halda qəbul edilərsə, orqanizmdəki mübadilə prosesinə bir o qədər yaxşı təsir göstərir. Meyvə-tərəvəz isti halda, yüksək temperatur altında qaldıqdan sonra qəbul edildikdə, onun tərkibində artıq bəzi kimyəvi dəyişikliklər baş verir. Nəticədə həmin meyvə-tərəvəz yararsız hala düşə bilər.

İ.Abdullayev bildirib ki, meyvə-tərəvəz məhsulları qəbul edilərkən mütləq su şırnağı altında çox yuyulmalıdır.

Mərkəz rəsmisi deyib ki, meyvə-tərəvəzin becərilməsi üçün müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu məhsullarda həmin maddələrin qalıq miqdarları yoxlanıldıqdan sonra və bu miqdar norma həddində olduqda onlar qəbul oluna bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti