Azərbaycan, Bakı, 1 iyul /Trend/
İyulun 1-də Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Fransa Neft İnstitunun (İFP) rektoru Filip Pinşon və Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye Bakı Ali Neft Məktəbində olmuşdurlar.
Trend-in məlumatına görə, BANM rektoru E. Qasımov qonağa dəvətini qəbul edib Bakıya səfər etdiyinə görə öz minnətdarlığını bildirmiş, onu ölkəmizdə və ali məktəbdə görməkdən məmnunluğunu ifadə etmişdir.
Tədbirdə çıxış edən E.Qasımov Azərbaycanın keçdiyi inkişaf yolundan danışaraq, bildirmişdir ki, müstəqillik əldə etdiyimizdən cəmi 21 il ötməsinə baxmayaraq, ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edərək regionun aparıcı dövlətinə və dünya dövlətləri üçün əhəmiyyətli müttəfiqə çevrilmişdir. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan danışan rektor bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin ən önəm verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan prezidenti cənab İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirməliyik" şüarı da məhz bu sahəyə verilən önəmin göstəricisidir. Daha sonra, Bakı Ali Neft Məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor bildirmişdir ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olmuşdur. E.Qasımov Azərbaycan və Fransa arasında hər zaman isti və dost münasibətlərin olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, bu gün də dövlət rəhbərlərinin həyata keçirdikləri doğru, uzaqgörən siyasətin nəticəsi olaraq, ölkələrimiz arasında olan siyasi, iqtisadi, mədəni və digər əlaqələr inkişaf etməkdədir.
Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı elm və təhsil sahəsindəki münasibətlərdən danışan E. Qasımov bildirmişdir ki, H.Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə Bakıda yaxın zamanlarda fəaliyyət göstərəcək "Fransız məktəbi" və Azərbaycan Prezidenti cənab İlham Əliyevin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir çox azərbaycanlı tələbələrin Fransanın tanınmış universitetlərinə təhsil almağa göndərilməsi bunun bariz nümunəsidir. Fransa təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulamışdır ki, Bakı Ali Neft Məktəbi Fransanının neft-qaz və kimya sənayəsi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. Fransa Universitetləri ilə əlaqələrin qurulmasında onlara böyük dəstək göstərdiklərinə görə E. Qasımov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeyə və Bakı Ali Neft Məktəbi ilə daimi əməkdaşlıq edən Fransanın "Total E&P Azərbaycan" şirkətinin rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.
Azərbaycana və Bakı Ali Neft Məktəbinə dəvət olunduğundan məmnunluğunu ifadə edən Fransa Neft İnstitunun (İFP) rektoru Filip Pinşon qeyd etmişdir, qloballaşan dünyada inkişafın əsas vasitələrindən biri müasir təhsil sistəminə və beynəlxalq təcrübəyə yiyələnməkdir. O fransa təhsil sisteminin dünya təhsil sistemindəki rolundan və əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, Fransa Neft İnstitutu (İFP) olaraq Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etməyə və təcrübələrini paylaşmağa hər zaman hazırdırlar.
Tədbirdə iştirak edən Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye qeyd etmişdir ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə olunmasını təqdirəlayiq hal olduğunu vurğulayan səfir bildirmişdir ki, Fransa Neft İnstitutu ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan bu protokol Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik olaraq bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdırlar.
Daha sonra, Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımov və Fransa Neft İnstitunun rektoru Filip Pinşon arasında tələbə və müəllimlərin mübadiləsi, tədris proqramlarının inkişafı, birgə tədqiqatlar və elmi məqalələrin mümkün mübadiləsi, seminarların, konfransların və digər tədbirlərin təşkilində qarşılıqlı yardım, akademik nəşr materiallarının və digər informasiyaların mübadiləsi, müəyyən edilmiş inkişaf sahələri üzrə təlim layihələri çərçivəsində əməkdaşlıq, o cümlədən diplomlu və diplomsuz kurslar üzrə əməkdaşlıq imkanları sahəsində "Anlaşma Memorandumu" imzalanmışdır.