Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/
Bu il Azərbaycanda orta məktəbi başa vuran şagirdlərin 99,3 faizi attestat alıb, qalan 0,7 faiz şagirdin attestat ala bilməməsi isə obyektiv səbəblərdən irəli gəlir.
Trend bildirir ki, M.Cabbarov "facebook" səhifəsində ona ünvanlanan suallara cavab verərkən bildirib ki, attestat ala bilməyən şagirdlər arasında həqiqi hərbi xidmətə çağırılma yaşı çatdığı üçün orduya gedən, ailə qurduğu üçün təhsildən kənarlaşan, buraxılış imtahanında obyektiv səbəblərə görə iştirak etməyən və s. şagirdlər olub.
M.Cabbarov deyib ki, orta məktəblərdə bir çox hallarda attestatların verilməsi korrupsiya üçün bir səbəb kimi istifadə olunurdu.
Nazirin sözlərinə görə, Azərbaycanda orta məktəbi bitirən bütün şagirdlərə attestatların verilməsi ilə bağlı qərar qəbul edilənədək şagirdlərin böyük əksəriyyəti 9-cu sinfi bitirdikdən sonra şəhadətnamə, 11-ci sinfi bitirdikdən sonra attestat almırdılar. Bəzi illərdə, hətta buraxılış siniflərinin 20 faizi bu təhsil sənədini əldə edə bilmirdilər. Bununla da şəhadətnaməsi, yaxud attestat olmayan şagirdlərin gələcək sosial həyatda iştirakı məhdudlaşırdı. Onların hətta qəbul imtahanlarında iştirak hüququ da olmayıb.
Bunu ədalətli hesab etməyən nazirin sözlərinə görə, orta məktəbi bitirən bütün şagirdlərə attestatlar verilməklə belə şagirdlərin Konstitusiya hüquqları təmin edilib.