...

Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə hökm oxundu

Cəmiyyət Materials 3 Sentyabr 2013 16:58 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Vüsal İsbatov, Mirsəfa Mirbabalı, Əliağa Mirzəyev və Nübar Tarverdiyevanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə hökm oxundu

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir A.Məmmədov/

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Vüsal İsbatov, Mirsəfa Mirbabalı, Əliağa Mirzəyev və Nübar Tarverdiyevanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Əliağa Mirzəyev 13 il 6 ay, Vüsal İsbatov 12 il 6 ay, Mirsəfa Mirbabalı 11 il, Nübar Tarverdiyeva 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ötən il avqustun 1-də Bakı şəhər sakini Samir Hüseynov Sabunçu rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, iyulun 31-də saat 15:00 radələrində özlərini iş adamı kimi təqdim edən şəxslər onu birgə iş qurmaq adı ilə naməlum ünvana dəvət ediblər. O, həmin yerə gəldikdən sonra orada olan 3 kişi və 1 qadın bıçaqla onu hədələyərək əllərini bağlayıb, azad olunması üçün 500 min dollar tələb ediblər.

Fiziki təzyiq nəticəsində Samir Hüseynov tanışları vasitəsilə 150 min dollar gətirib. Pul verildikdən sonra həmin şəxslər hadisə yerindən gediblər. Zərərçəkən isə qollarını açaraq polis bölməsinə gəlib. Bu cinayət faktı ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri avqustun 8-də uğurla başa çatıb. Bu ağır cinayəti törədənlər - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal İsbatov, Mirsəfa Mirbabalı, eləcə də Əliağa Mirzəyev və Nübar Tarverdiyeva müəyyən edilərək saxlanılıb.

İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, Samir Hüseynov Sabunçu rayon Polis İdarəsinə yazdığı şikayət ərizəsində bildirib ki, hadisədən təxminən 20 gün əvvəl tanımadığı qız ona zəng etməyə başlayıb. Ailəli olan Samir Hüseynov həmin qadından ondan əl çəkməsini istəyib. Lakin onların münasibəti getdikcə istiləşməyə başlayıb. Hadisədən bir neçə gün əvvəl onlar Novxanıda istirahət mərkəzlərindən birində görüşüblər. Daha sonra Ləman adlı qadın Samir Hüseynovu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsindəki mənzilə dəvət edib.

31 yaşlı Samir Hüseynov mənzilə daxil olan kimi kimsə küt alətlə onun başından vurub. Daha sonra isə həmin şəxslər Samir Hüseynovun gözlərini, əl-ayaqlarını bağlayıb və onu döyüblər. Cinayətkar qrup Samir Hüseynovdan azadlığa buraxılması üçün 500 min dollar tələb edib.

Bundan sonra şəxsiyyətləri istintaq tərəfindən araşdırılan şəxslər Samir Hüseynovun dostları ilə əlaqə yaradıblar və pul tələb ediblər. Tərəflər 150 min dollara razılaşıblar və iyulun 31-də pul avtomobillə R.Qəmbərov küçəsinə gətirilib. Bu zaman cinayətkar qruplaşmanın üzvləri binadakı mənzildə saxlanılan S.Hüseynovu növbəti dəfə döyüblər. Həmçinin ona öz əlini açmasına şərait yaradıblar. Eyni zamanda, həmin şəxslər pulu gətirən adamdan ərazidən uzaqlaşmasını tələb edib və pulu götürərək qaçıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti