Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yeni binaya köçürülməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, AMEA-nın Rəyasət Heyətinin hazırda yerləşdiyi binanın əsaslı təmir edilməsi planlaşdırılır: "Bu bina tarixi abidədir. Rəyasət Heyəti buradan köçəndən sonra binada dövlət tərəfindən əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Burada demək olar ki, qəzalı vəziyyət yaranıb".
A.Əlizadə deyib ki, AMEA-nın 70 illiyinin geniş miqyasda qeyd edilməsi üçün dövlət qarşısında vəsatət qaldırılacaq.
Prezident yubileylə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər haqqında məlumat verib. O, qeyd edib ki, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi ("Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın binalarının tikintisi), AMEA-nın 70 illik yubileyi ilə əlaqədar kitabın hazırlanaraq nəşr olunması, bununla bağlı filmin çəkilməsi, televiziya arxivlərində AMEA ilə bağlı videomaterialların toplanması məsələlərinin yüksək səviyyədə təşkili önəmlidir:
"1945-ci ildə yaradılmış AMEA-nın yublyeyi yaxnlaşmaqdadır. 2015-ci ilin martında AMEA-nın 70 illiyi tamam olacaq. Ölkə Prezidenti bildirib ki, akademiyanın 70 illik yubileyi də 60 illik yubileyi kimi qeyd olunsun. 2014-cü ilin yanvar-fevral aylarında AMEA-nın 70 illik yubileyi ilə əlaqədar sərəncamın layihəsi hazırlanacaq. Yubileylə əlaqədar işçi qrupunun yaradılması nəzərdə tutulur".
Akademik AMEA-nın Mərkəzi Kitabxanasının tikintisinin bu ilin dekabr ayında yekunlaşacağının gözlənildiyini də söyləyib.
AMEA Rəyasət Heyəti Akademiyanın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edib. Yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə komissiya yaradılıb. AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərini hazırlayaraq 15 gün müddətində komissiyaya təqdim etmək tapşırılıb. Bundan əlavə, 70 illik yubileyin geniş miqyasda qeyd edilməsi üçün dövlət qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub.