...

Azərbaycanda sellərin baş verməsində insan amili

Cəmiyyət Materials 22 Oktyabr 2013 15:42 (UTC +04:00)
Azərbaycanda çaylarda sel hadisələrinin baş verməsində təbii amillərlə yanaşı insan amili də rol oynayır.
Azərbaycanda sellərin baş verməsində insan amili

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda çaylarda sel hadisələrinin baş verməsində təbii amillərlə yanaşı, insan amili də rol oynayır.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor əvəzi, professor Ramiz Məmmədov Trend-ə bildirib ki, çayın yuxarı hissələrində, yəni dağlıq ərazidə olan təbii meşə massivləri sel proseslərini zəiflədir. Ancaq meşələrin qırılması bu prosesin güclənməsinə gətirib çıxarır. Bəzi hallarda çay kənarlarında bəndlərin düzgün tikilməməsi də sellərin güclənməsinə təsir göstərir:

"Çayın bir yerində bənd düzəldirilir ki, sel sağa, sola doğru getməsin. Amma bununla çayın məcrası daralır. Nəticədə çoxlu su az vaxtda kiçik ərazidən keçməli olur, buna görə də suyun sürəti artır. Bu da sel prosesini gücləndirir".

R.Məmmədovun sözlərinə görə, belə halların baş verməməsi üçün bəndlər tikilərkən mütləq mütəxəssislərlə məsləhətləşmək lazımdır.

İnstitutun direktor əvəzi qeyd edib ki, Azərbaycanda Şəki-Zaqatala zonasında sellər daha çox baş verir. Bu zonadakı çaylarda sellərin daha çox yaranması ilk növbədə həmin ərazinin relyefi və iqlimi ilə əlaqədardır.

Alimin sözlərinə görə, Şəki-Zaqatala zonasının iqlim şəraiti böyük sürətlə baş verən metroloji proseslər, yağıntı gətirən siklonların qısa müddətdə yaranması, güclü leysan yağışlarının yağması və relyefin, yəni ərazinin hündürlüyünün kəskin dəyişməsi sellərin yaranmasına zəmin yaradır.

R.Məmmədovun sözlərinə görə, düzən ərazilərdə selin yaranması ehtimalı az olsa da, maili ərazilərdə bu ehtimal daha çox olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti