...

Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının iclası keçirilib

Cəmiyyət Materials 29 Oktyabr 2013 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının iclası keçirilib.

Şuradan Trend-ə daxil olan məlumata görə, toplantını giriş sözü ilə açan komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, iclasın müzakirəsinə 15 müraciət təqdim olunub. Bunlardan biri Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən təqdim olunub.

V.Rəhimzadə Şikayətlər üzrə Komissiyanın 15 avqust 2013-cü il tarixli iclasında Azərbaycan Dövlət İqtisad Universitetinin müraciəti əsasında "Elin sözü" qəzeti barədə rəy qəbul olunduğunu diqqətə çatdırıb. Həmin rəydə MŞ İdarə Heyətinin daha dolğun qərar qəbul etməsi üçün mənsub olduqları komissiyanın da təqdimatının zəruriliyinin əsaslandırıldığını vurğulayıb. Komissiya sədri bildirib ki, "Elin sözü" qəzetinin təsisçisi və baş redaktoru Minadi Mikayılovun adıçəkilən təhsil ocağının rəhbərliyinə və kollektivinə münasibətdə tutduğu mövqe həqiqətən də peşə prinsiplərinə ziddir. Belə ki, "Elin sözü" qəzetinin 6-12 aprel 2013-cü il tarixli sayında "Azərbaycan Dövlət İqtisadi Universiteti təhsilin inkişaf yolunda nümunədir" sərlövhəli müsbət səciyyəli yazı versə də, sonrakı yeddi sayda universitetdən narazı şəxsin bir-birinə bənzər 18 müraciəti təqdim olunub. Qəzet rəhbərliyi bununla da münaqişənin tərəfdaşı qismində çıxış edib. M.Mikayılovun özünün də vaxtilə həmin universitetdən uzaqlaşdırıldığını nəzərə alsaq, nəticədə o, vəzifəsindən sui-istifadəyə yol verib. "Elin sözü" rəyin qəbulundan sonra da eyni fəaliyyətə üstünlük verib. Komissiya üzvləri qəzetin "reket jurnalistika"ya xas cəhətlərinin qabarıq göründüyünü nəzərə alaraq mətbu nəşrin adının MŞ-nin "qara siyahı"sına salınmasını məqbul sayıblar.

Sonra "Korrupsiya və qanun" qəzetilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qəzetin fəaliyyəti ikinci dəfədir ki, komissiyada araşdırılır. 30 oktyabr 2012-ci il tarixli iclasda nəşrin baş redaktoru Xuraman Quliyevanın səmimi etirafı nəzərə alınaraq nəşrə MŞ-nin xəbərdarlığının olunması ilə məhdudlaşılması zəruri bilinmişdi. Şuranın İdarə Heyətinin 8 noyabr 2012-ci il tarixli iclası da təklifi məqbul saymışdı. Lakin sonradan Mətbuat Şurasına X.Quliyevanın və əməkdaşlarının peşə səlahiyyətlərindən sui-istifadə etmələri, baş redaktor tərəfindən vəsiqələrin satılması, müxbirlərin yerlərdə təftişçiliklə məşğul olması, müxtəlif yaşlı, vəzifəli insanlara qarşı təhdidlər etməsi barədə MŞ-yə şikayətlər daxil olub. X.Qasımova ilə bu barədə Şuranın Katibliyində də söhbətlər aparılıb. Lakin o, irad və tövsiyələrdən nəticə çıxarmayıb. Buna görə də qəzetin adının MŞ-nin "qara siyahı"sına salınması məqsədəuyğun sayılıb. Komissiya tərəfindən hər iki nəşrlə bağlı MŞ İdarə Heyətinə təqdimatların verilməsi qərara alınıb.

İclasda eyni zamanda bildirilib ki, Mətbuat Şurasına daxil olan bir sıra müraciətlərdə şikayətçilərin müxtəlif mətbu orqanlarının təmsilçiləri tərəfindən şantaja, dələduzluq əməllərinə və qanunazidd digər hallara məruz qalmaları fikri yer alıb. Komissiya belə qənaətə gəlib ki, bu cür hallar sırf hüquqi müstəvidə dəyərləndirilməli olduğundan şikayətçilərə müvafiq orqanlara müraciət etmələri tövsiyə olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti