...

Əflatun Amaşov: Azərbaycanın media nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü dövlətin medianın inkişafına böyük dəstəyi kimi qiymətləndirilməlidir

Cəmiyyət Materials 24 Noyabr 2013 19:23 (UTC +04:00)
Azərbaycanın media nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü böyük hadisədir və bu, Azərbaycan dövlətinin medianın inkişafına böyük dəstəyi kimi qiymətləndirilməlidir.
Əflatun Amaşov: Azərbaycanın media nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü dövlətin medianın inkişafına böyük dəstəyi kimi qiymətləndirilməlidir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın media nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü böyük hadisədir və bu, Azərbaycan dövlətinin medianın inkişafına böyük dəstəyi kimi qiymətləndirilməlidir.

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçilmişdir. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib.

1997-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev layiq görülüb.

Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.

Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə "Jurnalistlərin dostu" elan edilib.

Ə.Amaşov bildirib ki, jurnalistlər Prezident İlham Əliyevi "Jurnalistlərin dostu" seçərkən təkcə onun mətbuata qayğısını nəzərə almayıblar, həmçinin dövlət başçısının xarici və daxili siyasətinin uğurunu qiymətləndiriblər.

Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan mediasının mövcud durumu ilə bağlı fikirlər səsləndirdi: "Dövlət başçısı görüşdə demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirdi. Media nümayəndələrinin sosial problemlərinin həllində Azərbaycanın öncül yerlərdə durduğunu diqqətə çatdırdı. Prezident qeyd etdi ki, jurnalistlər ümumilli mənafeyə xidmət etməli, xarici təsirin altına düşməməlidir".

Ə.Amaşovun sözlərinə görə, bugünki görüşdə dövlət başçısının səsləndirdiyi fikirlərdən bir daha aydın olur ki, Azərbaycan dövləti ayrı-seçkilik qoymadan mediaya yardım göstərir və müstəqil medianın inkişafında maraqlıdır.

Ə.Amaşov, həmçinin görüşə bəzi KİV nümayəndələrinin dəvət edilməməsi ilə bağlı məsələyə də münasibətini açıqladı. Onun sözlərinə görə, görüşün formatı elə idi ki, ancaq medianın birinci şəxsləri iştirak etməliydi. Bəzi media orqanlarının birinci şəxsləri Azərbaycanda olmadıqları üçün görüşdə iştirak edə bilməyiblər: "Burada hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti