...

Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda süni qiymət artımına qarşı mübarizə aparır

Cəmiyyət Materials 5 Dekabr 2013 11:59 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda süni qiymət artımına qarşı mübarizə aparır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu məsələ müstəsna olaraq Tarif Şurasının səlahiyyətindədir.

N.Həsənov bildirib ki, əksinə, nazirlik bu gün ictimai nəqliyyatda süni şəkildə qiymət artırılmasına qarşı mübarizə aparır və bundan sonra da ciddi mübarizə aparacaq: "Əgər hər hansı ictimai nəqliyyatda qiymət artımı olarsa, nazirliyin "qaynar xətti"nə (561 76 28, 480 42 86) müraciət etsinlər".

Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə 3 dekabr 2013-cü il tarixindən Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti