Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İzzət/
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində orta hesabla 1500-1600 çağırış daxil olur. Elə gün olur ki, bu rəqəm 1700-1800-ə çatır. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova bildirib.
Baş həkimin sözlərinə görə, son həftə ərzində stansiyaya 1500-1550 çağırış olub: "Onlardan stabil olaraq 9-10 faiz hallarda xəstələr, yəni təxminən 150 nəfər xəstəxanaya yerləşdirilir. Çağırışlar əsasən yol qəzaları, cərrahiyyə, zədələr (gün ərzində 30-35 zədə olur), ürək xsətəlikləri (infaktlar, ən azından 4-5 insult), doğuşlar, cürbəcür qanaxmalar (qadınlarda qanaxmalar, burun qanaxmaları, zədə alarkən qanaxmalar), bıçaqlanmalar, yoluxucu xəstəliklər və zəhərlənmələrlə (dəm qazından, qidadan, dərmandan) bağlı olur".
Z.Vahidova qeyd edib ki, xəstəliklərin sayının dinamikası ilin fəsillərinə görə dəyişir: "Yay aylarında əsasən isti ilə əlaqədar günvurmalar, suda batanlar, ilansancmalar, əqrəbsancmalar, ümumiyyətlə, həşərat sancmaları çox olur. Payız aylarında xroniki xəstələrdə təzyiq, uşaqlarda epidemiyalarla bağlı kəskin respirator xəstəliklər, yazda xroniki xəstələrdə anemiyalar, qanazlığı, hemofiliyalı uşaqlarda vəziyyətin ağırlaşması daha çox olur. Qarşıdan qış ayları gəlir. Bu vaxtlar, ələlxüsus yanvar-mart aylarında çağırışlarımızın sayı 1800-ə, hətta 2000-ə çatır".