Azərbaycan, Bakı, 16 dekabr /Trend/
17 dekabr tarixində ölkəmizdə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə daha intensiv təkan vermək məqsədi ilə Bakıda "Bir birimizdən öyrənirik" Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin gənclərinin beynəlxalq ekoloji forumu keçiriləcək.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forum "MDB ölkələrinin 2013-2014-cü illərdə humanitar sahədə əməkdaşlığına dair prioritet tədbirlər planı"nın 2.2. yarımbəndinə uyğun olaraq həyata keçirilir.
Gənclər və İdman Nazirliyi ilə yanaşı, tədbirin rəsmi tərəfdaşları kimi "İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq)" İctimai Birliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyi çıxış edirlər.
Beynəlxalq forumda MDB üzv dövlətlərindən 50-yə yaxın gənc ekoloqun iştirakı gözlənilir. Tədbir çərçivəsində eyni zamanda, Azərbaycanda həyata keçirilən ekoloji layihələrin təqdimatlarının aparılması da planlaşdırılır. Forumun işçi dili rus dilidir.
Tədbir zamanı "Ekologiya sahəsində əhalinin maarifləndirilməsi", "Tullantılardan davamlı istifadə", "Eko-təşəbbüslər", "Vəhşi təbiətin mühafizəsi", "Xüsusi mühafizə olunan ərazilər" və s. mövzularda sessiyalar, qrup işləri və təqdimatlar aparılacaqdır. Forumun yekununda "MDB ölkələrində ekoloji mədəniyyət və ətraf mühitin mühafizəsi ilinin" yekunlaşdırılması ilə bağlı qətnamənin qəbul edilməsi gözlənilir.