...

Son 5 gündə Bakıda təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı artaraq 2000-ə çatıb

Cəmiyyət Materials 26 Dekabr 2013 15:46 (UTC +04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) son 5 gün ərzində daxil olan müraciətlərin sayı xeyli artıb. Əgər adi günlərdə stansiyaya sutkada 1500-1600 çağırış daxil olurdusa, indi onların sayı sutkada artıq 1900-2000-ə çatıb.
Son 5 gündə Bakıda təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı artaraq 2000-ə çatıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İzzət/

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) son 5 gün ərzində daxil olan müraciətlərin sayı xeyli artıb. Əgər adi günlərdə stansiyaya sutkada 1500-1600 çağırış daxil olurdusa, indi onların sayı sutkada artıq 1900-2000-ə çatıb.

Bu barədə Trend-ə Stansiyanın Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn bayram günlərində təcili tibbi yardım üçün müraciət edənlərin sayının daha da artacağı gözlənilir. Belə ki, ötən il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çağırışların sayı hətta 2000-dən çox olub.

Z.Vahidova qeyd edib ki, Stansiyanın əməkdaşları bayram günləri fasiləsiz işləyəcəklər: "Biz daim sutka ərzində iş başındayıq. Bizim işimiz nə bayrama, nə də bazar günlərinə baxmır. Bayram günlərində isə 140-142 həkim briqadası xəttə çıxarılacaq. İstər mövsümlə əlaqədar xəstəliklər, istərsə də digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlara lazımi təcili tibbi yardım göstəriləcək. Əgər havada dəyişiklik olsa, biz buna da hazırıq. Bunun üçün bizə xüsusi təyinatlı xüsusi avtomobillər verilib".

Böyük həkim onu da əlavə edib ki, bayramla əlaqədar artıq yerlərdəki bütün stansiyalarda növbətçilik sistemi təşkil olunub. İstər müdir, istərsə də böyük həkim mütləq iş başında olacaqlar. Həkimlərlə yanaşı, "103" telefon xidməti də fasiləsiz işləyəcək.

Qeyd edək ki, BŞTTTYS Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti