...

Bakıda təcili tibbi yardım stansiyaları hava şəraiti ilə əlaqədar telefon məsləhətlərinə üstünlük verir

Cəmiyyət Materials 31 Yanvar 2014 13:37 (UTC +04:00)
Bu gün səhər saat 8:00-dan 13:00-dək paytaxtın bütün rayonları üzrə qarlı havada küçədə sürüşərək xəsarət alanlarla bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlər əsasında 17 nəfər müxtəlif zədələrlə xəstəxanaya yerləşdirilib.
Bakıda təcili tibbi yardım stansiyaları hava şəraiti ilə əlaqədar telefon məsləhətlərinə üstünlük verir

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Bu gün səhər saat 8:00-dan 13:00-dək paytaxtın bütün rayonları üzrə qarlı havada küçədə sürüşərək xəsarət alanlarla bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlər əsasında 17 nəfər müxtəlif zədələrlə xəstəxanaya yerləşdirilib.

Həmin şəxslərdə əsasən sınıq və çıxıqlar müşahidə olunub. Xəstəxanaya yerləşdirilənlərdən 6 nəfəri Yasamal rayonunda hərəkətdə olarkən sürüşərək yıxılıb xəsarət alanlar olub. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, elə adamlar olub ki, onlara yerində yardım edilib, elə adamlar da olub ki, yardım edilərək yaxınlıqdakı evinə aparılıb.

Z.Vahidova qeyd edib ki, həkim briqadasının hansısa çağırışa gedə bilməməsi halı qeydə alınmayıb: "Düzdür, elə hallar olub ki, ora adi təcili tibbi yardım maşınları gedə bilməsə də, ərazidə olan xüsusi təyinatlı avtomobillər cəlb edilərək həkimlərin çağırış olan bütün ünvanlara çatması təmin edilib. Məsələn, doğum halları ilə əlaqədar Müşfiqabad qəsəbəsi, Binə qəsəbəsindəki südçülük sovxozuna gedilərək lazımi tibbi yardım göstərilib".

Həkimin sözlərinə görə, gün ərzində ümumilikdə stansiyaya 1600-ə yaxın çağırış olub: "Demək olmaz ki, bu, çoxdur. Adi günlərdə də bizə orta hesabla 1800 çağırış olur. Çağırışların sayının nisbətən az olmasının səbəbi hava şərati və bir sıra hallarda telefon məsləhətlərinə üstünlük verilməsidir. Hazırda yolların qarlı və sürüşkən olmasını nəzərə alaraq, yüngül xəstəliklərlə bağlı daha çox telefon məsləhətlərinə üstünlük verilir. Hesab edirik ki, çağırışların sayının nisbətən az olmasının da səbəbi məhz bir sıra hallarda vətəndaşlara lazımi məsləhətlərin telefon vasitəsilə verilməsi ilə bağlıdır. Bir çox hallarda telefonla verilən məsləhətlərdən sonra xəstələr bildiriblər ki, artıq vəziyyətləri normaldır və tibbi yardıma ehtiyac yoxdur. Bunlar əsasən təzyiq, eləcə də baş, oynaq və mədə ağrıları ilə bağlı edilən müraciətlər olub. Ümumilikdə, telefonla 200-dən artıq vətəndaşa müxtəlif məsləhətlər verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti