...

ƏƏSMN daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlili minik avtomobilləri ilə təmin edib (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2014 12:17 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir.
ƏƏSMN daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlili minik avtomobilləri ilə təmin edib (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, növbəyə durmuş Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari il ərzində avtomobillə tam təmin olunması istiqamətində işlərin davamı olaraq, aprelin 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər bu kateqoriyadan olan şəxs "Naz-Lifan" markalı minik avtomobilləri ilə təmin edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir.

Beləliklə də, 2014-cü ilin 01 yanvar tarixinə növbədə dayanmış 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 200 nəfəri avtomobillə təmin olunub və növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatı başa çatdırılacaqdır.

Avtomobillərin açar və sənədlərinin təqdim olunması zamanı Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanların rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Bu təbəqədən olan vətəndaşların dövlət hesabına mənzillə, minik avtomobili ilə təminatı, onların maddi təminatının gücləndirilməsi sahəsində görülən işlərdən danışılıb. Qeyd olunub ki, bu gün verilən maşınlar da daxil olmaqla minik avtomobili alan əlillərin sayı artıq 4 mini ötür.

Tədbirdə ürək sözlərini ifadə edən Qarabağ müharibəsi və 20 Yanvar əlilləri əlilliyi olan şəxslərə dövlət qayğısından razılıqla söz açıblar. Onlar Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara təyin olunan Prezident təqaüdlərinin, habelə sosial müavinətlərin cari ilin 1 aprel tarixindən artırılmasının bu təbəqədən olan insanlara növbəti Prezident qayğısı olduğunu vurğulayıblar. Bu gün verilən avtomobillərin onların həyatına rahatlıq gətirəcəyini qeyd edən əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti