...

İtaliyalı alimlər Talış dağlarında tədqiqatlar aparır (FOTO)

Cəmiyyət Materials 24 İyun 2014 18:02 (UTC +04:00)
İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə ölkəmizin cənubunda suların və qazların izotop-kimyəvi tərkibini öyrənir.
İtaliyalı alimlər Talış dağlarında tədqiqatlar aparır (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Elçin Mehdiyev/

İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə ölkəmizin cənubunda suların və qazların izotop-kimyəvi tərkibini öyrənir.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) mütəxəssisi Marko Bonini və Florensiya Universitetinin professoru Orlando Vaselli iyunun 21-də Azərbaycana gəliblər.

Onlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev ilə birgə Talış dağlarında tədqiqatlar aparır.

Bir həftə davam edəcək çöl tədqiqatları çərçivəsində təbii, mineral və termal su, həmçinin qaz çıxışları olan ərazilərdə geoloji araşdırmalar aparılacaq, nümunələr götürüləcək. Sonra nümunələr İtaliyada analiz olunacaq.

Tədqiqatların məqsədi flüidlərin geokimyəvi xassələrinin, helium, arqon karbohidrogenlərin və karbon qazının izotop tərkibinin öyrənilməsi nəticəsində onların mənşəyinin müəyyən edilməsidir.

İşlər AMEA və İtaliyanın Elmi Tədqiqat Şurasının 2014 və 2015-ci illəri əhatə edən "Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq" adlı əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti