...

Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər əhəmiyyətli dərəcədə azalıb

Cəmiyyət Materials 25 İyul 2014 15:39
Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Trend-in məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər əhəmiyyətli dərəcədə azalıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Respublika Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Hərbi prokuror qeyd edib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2014-cü ilin birinci yarısında qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər, konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, eləcə də qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb: "Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 99,9 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub".

Onun sözlərinə görə, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq olunmuş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.

X.Vəliyev qeyd edib ki, cari ilin 6 ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb: "Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qulluğa səhlənkar yanaşma, mülkiyyət əleyhinə cinayətlər və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb".

Hərbi prokuror bildirib ki, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləş­mələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zə­ru­ri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüv­və­lərdə törədilən cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları ha­zırlanaraq təsdiq edilmiş və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Xüsusi vurğulanıb ki, 2014-cü ilin birinci yarısında hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkar edilərək qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 21 nəfər tapılıb istintaqa cəlb edilib.

Respublikanın hərbi prokurorluq orqanları 2014-cü ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək, bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 30 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndəriblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.

X.Vəliyev deyib ki, hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 90,7 faizinin istintaq zamanı ödənilməsini təmin ediblər: "Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 980 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 90 təqdimat göndərilib, 105 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 226 nəfər intizam məsuliyyətinə cəlb edilib".

Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 35 apelyasiya protestinin 63 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə 130 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti