...

Səlim Müslümov: Yeni tikilən binalarda və obyektlərdə fiziki qüsurlu şəxslərin istifadəsi üçün lazımi şəraitin yaradılması nəzərə alınacaq

Cəmiyyət Materials 10 Oktyabr 2014 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi sahəsində yeni qanun layihəsi hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün müvafiq orqanlara təqdim edilib. Eyni zamanda, BMT-nin Әlillərin Hüquqlarının Müdafiəsi Komitəsinə göndərilib. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün ADA Universitetində keçirilən "Maneəsiz Bakı" adlı "dəyirmi masa"sında çıxışı zamanı bildirib.

S.Müslümov qeyd edib: "Cəmiyyətin bütün üzvləri eyni hüquqlara malikdirlər. Sağlamlığından asılı olmayaraq, hər bir şəxs üçün əlçatanlıq olmalıdır. Biz sosial yanaşmaya daha çox üstünlük verməliyik. Məhz bu baxımdan infrastruktur əlilliyi olan insanlara uyğunlaşdırılmalıdır. Bu, çox mühüm məsələdir".

Nazir deyib ki, ƏƏSMN tərəfindən Fövqəladə Hallar Nazirliyinə xüsusi məktub göndərilib və bildirilib ki, yeni tikilən binalarda və obyektlərdə fiziki qüsurlu şəxslərin istifadə etməsi üçün lazımi şəraitin yaradılması nəzərə alınsın.

S.Müslümov vurğulayıb ki, nazirlik və "ASAN xidmət" hökumətə birgə müraciət edib və artıq müsbət cavab alınıb: "Görmə qabiliyyəti zəif olan şəxslər üçün hava limanı, avtovağzal, dəmiryol vağzalları və ümumi ictimai istifadədə olan obyektlərdə xüsusi zolaqların qoyulmasına başlayacağıq. Artıq hökumət buna ilkin razılığını verib".

Nazir qeyd edib ki, bu işə QHT-lərin də diqqəti artırılmalıdır: "Bu il QHT-lərə 1 milyon 900 min manatdan artıq sosial sifarişlər verilib. Bunu daha da artıracağıq. Nazirliyin yerli təşkilatları tərəfindən həyata keçirilən sosial xidmətlərin tamamilə QHT-lərə verilməsi barədə fikirləşirik. Bu da son dərəcə vacibdir".

S.Müslümovun sözlərinə görə, Azərbaycanda hazırda ölkə əhalisinin 5,6 faizi - 532 min nəfər əlilliyi olan insanlardır. Onların təxminən 65 min nəfərə yaxını sağlamlıq imkanları məhdud uşaqlardır.

Nazir qeyd edib ki, əlillərin 25 faizi Bakı şəhərində yaşayır. Bu da o deməkdir ki, əlilliyi olan insanların 1/4-i Bakıda cəmləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti