...

Məktəb direktoru olmaq istəyənlər üçün yeni müsabiqə elan edilib

Cəmiyyət Materials 18 Noyabr 2014 15:15 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edib.
Məktəb direktoru olmaq istəyənlər üçün yeni müsabiqə elan edilib

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edib.

Trend nazirliyin saytına istinadən bildirir ki, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək. Təlimlər 2015-ci ilin yanvar-aprel (3 ay) tarixlərini əhatə edəcək. Təlim təhsildə keyfiyyətin idarə edilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarə edilməsi və monitorinqi, təhsili idarəetmənin psixoloji əsasları, kurikulum: nəzəriyyə və tətbiq, təhsildə maliyyənin idarə olunması mövzularına həsr olunacaq. Müraciət üçün son tarix 30 noyabr olacaq.

Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanlarına ([email protected], [email protected]) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə "Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı" əldə etmiş və hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti