...

Azərbaycan alimlərindən daha bir ilk

Cəmiyyət Materials 9 Dekabr 2014 12:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun alimləri dünyada ilk dəfə olaraq, yeni Günəş elementləri hazırlayıblar. Bununla da Günəşdən alınan enerjinin elektrik enerjisinə çevrilmə faizi artrılaraq 18-19%-ə çatdırılıb.
Azərbaycan alimlərindən daha bir ilk

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun alimləri dünyada ilk dəfə olaraq, maya dəyəri iki dəfə aşağı olan yeni Günəş elementləri hazırlayıblar. Bu elemetlərdə Günəşdən alınan enerjinin elektrik enerjisinə çevrilmə faizi 18-19%-dir. Bunu Trend-ə Fizika İnstitutunun direktor müavini Cavad Abdinov deyib.

Onun sözlərinə görə, hazırda dünyada istehsal və istifadə olunan Günəş elementlərinin faydalı iş əmsalı 14-15 faizdir. Başqa sözlə, hazırkı Günəş elementləri Günəşdən aldığı enerjinin 14-15 faizini elektrik enerjisinə çevirir. Yeni elementlər xarici ölkələrdən alınan müasır qurğuların köməyi ilə hazırlanıb.

C.Abdinov deyib ki, müxtəlif yarımkeçirici birləşmələr əsasında Günəş elementlərinin yeni konstruksiyası yaradılıb və struktur sadələşdirilib. Nəticədə həm Günəş elementlərinin hazırlanmasının maya dəyəri aşağı düşüb, həm də faydalı iş əmsalı artırılıb: "Günəş elementi sadəcə bir lövhə deyil. Orada bir neçə təbəqədən ibarət müəyyən struktur elementləri var. Günəş şüası o təbəqələrdən keçib əsas elementin üzərinə düşür. Aydındır ki, həmin təbəqələrdən də keçəndə Günəş şüasının bir hissəsi udulur. Ona görə də Günəş şüasının müəyyən faizi gedib əsas təbəqəyə çatır və elektrik enerjisinə çevrilir. İnstitutun hazırladığı yeni strukturda isə həmin təbəqələrdən bir neçəsi ləğv edilib. Ona görə də Günəş elementlərinin faydalı iş əmsalını artırmaq mümkün olub".

Onun sözlərinə görə, Günəş elementlərinin faydalı iş əmsalını 30 faizədək qaldırmaq olar. İnstitutun hazırladığı sturkturun nəzəri potensialı da iş əmsalını tədricən 30 faizədək çatdırmağa imkan verər. Bunun üçün texnologiyanı getdikcə təkmilləşdirmək lazımdır.

Direktor müavini bildirib ki, yeni elmi nəticə artıq institut tərəfindən AMEA Rəyasət Heyətində məruzə edilib və bəyənilib. Bu elmi nəticədən respublikada yaradılan texnoparklarda istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti