...

Azərbaycanda oğlan həkimlərin sayı azalır

Cəmiyyət Materials 29 Yanvar 2015 13:27 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə təhsil alan oğlanların sayı azalıb.
Azərbaycanda oğlan həkimlərin sayı azalır

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə təhsil alan oğlanların sayı azalıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur. Amma bununla yanaşı, ən pis nəticə göstərən - 100 baldan aşağı toplayanlar da əsasən oğlanlardır. Orta nəticə göstərənlərin isə daha çoxu qızlardır.

M.Abbaszadə deyib ki, orta statistik nəticələri oğlanlarla müqayisədə qızlar daha yaxşı göstərirlər: "Amma ən yaxşı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edir. Oğlan ya oxuyur, ya da oxumur. Oxuyan oğanlar da imtahanda yaxşı nəticə əldə edirlər. Ona görə də ümumən qəbul olanların 50 faizi oğan, 50 faizi qızlar olur".

Komissiya sədrinin sözlərinə görə, bəzi ali məktəblərə qəbul olanlar arasında qızlar çoxdur: "Tibb Universitetinin tələbələrinin çoxu qızlardır. Ancaq tibbi sahəsində müəyyən ixtisaslar var ki, orada oğlanlar olmalıdırlar. Məsələn, rezidenturada qızlar daha çox təhsil alsalar da, onların heç biri meyitlərlə işləmək istəmir. Müəyyən ixtisaslar, məsələn, travmatoloq-cərrah ixtisası üçün yalnız bilik yox, həm də fiziki güc lazımdır".

M.Abbaszadə qeyd edib ki, ölkədə IV ixtisas qrupu üzrə təhsil alan oğlanların sayı azalıb. Oğlanlar bu qrupa yalnız 500 baldan yuxarı nəticə göstərdikləri zaman sənəd verirlər: "Oğlan orta nəticə yəni 200-300 bal toplayırsa, başa düşür ki, Tibb Univeristetinə bu balla qəbul olmayacaq. Ona görə də IV qrupdan imtina edir, birinci qrupa sənəd verir, çünkı orada həmin balla məktəbə qəbul olma imkanı olur. Ancaq qızlar 200-300 bal toplamalarına və bu ixtisasa qəbul ola bilməyəcəklərini bilmələrinə baxmayaraq, yenə ATU-nun ixtisaslarını seçirlər. Fikirləşirlər ki, ATU-ya qəbul olmasalar da, tibb kollecinə qəbul olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti