...

Azərbaycan yenidən türkoloji mərkəzə çevrilir: “Kitabi Dədə Qorqud” işığında (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2015 14:33 (UTC +04:00)
Yanvarın 10-u Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti, “Kultura plus” İnternet Televiziyası rəhbərliyinin iştirak etdiyi müşavirədə qərara alındı:
Azərbaycan yenidən türkoloji mərkəzə çevrilir: “Kitabi Dədə Qorqud” işığında (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Yanvarın 10-u Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti, "Kultura plus" İnternet Televiziyası rəhbərliyinin iştirak etdiyi müşavirədə qərara alındı: "Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunacaq ilboyu silsilə tədbirlərə ""Kitabi-Dədə Qorqud" və Fridrix fon Dits - 200" Beynəlxalq Kollokviumu ilə başlanılsın.

Başlandı: Yanvarın 30-31-i Türkiyə, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviyadan gələn məşhur qorqudsevərlər azərbaycanlı həmkarlarının qonağı oldular.

Beynəlxalq Kollokviumun xarici üzvlərini ictimaiyyətimizə tanıdaq: Türk Dil Kurumunun başqanı professor Mustafa Kaçalin, Yunus Emre İnstitutunun başkanı professor Hayati Develi, Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun təsisçisi, professor Fikrət Türkmən, Almaniyadan Mayns Universitetinin professoru Hendrik Boeschoten, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, professor Sieglinde Hartmann, İtaliyadan "Sandro Teti" Nəşriyyat Evinin rəhbəri Sandro Teti, jurnalist Mauritsio Korta, Rusiyadan Elmlər Akademiyası Dilçilik İnstitunun əməkdaşı, professor Əli Çeçenov, incəsənət xadimi Alla Axundova, Qazaxıstan Beynəlxalq Türkoloji Mərkəzinin prezidenti professor Erden Kajıbek, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, Latviya Universitetinin əməkdaşı Uldis Berzins.

Azərbaycanın qədim tarixini, ənənəsini, multikultural dəyərlərini dünyada təbliğ etdikləri üçün alimlərimizin xüsusi hörmətini qazanmış bu şəxslər kollokviumun üzvləri olaraq "Kitabi-Dədə Qorqud" dastanının hərtərəfli öyrənilməsi ilə bağlı orijinal çıxışlar etdilər, önəmli təkliflər verdilər.

Birinci toplantı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində oldu. Beynəlxalq kollokviumun yerli üzvləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, akademik Rəfail Hüseynov, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Fərid Ələkbərli, Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, professor Zümrüd Quluzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Atatürk Mərkəzinin müdiri, müxbir üzv Nizami Cəfərov, YUNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, Bakı Slavyan Universitetinin dosenti Telman Kazımov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov seçilmişdi.

Kollokviumun iştirakçıları da sayılıb-seçilən elm adamları - Dədə Qorqud irsinin araşdırmaçıları, təbliğatçılarıdır. Onların müzakirələrdə səsləndirdikləri fikirlər "Kitabi-Dədə Qorqud" dastanının həm ölkədə, həm də xaricdə hərtərəfli tanıdılması məqsədi ilə 2015-ci il boyu keçiriləcək tədbirlərin proqramında əksini tapdı.

Tədbirdə Azərbaycanın milli və dini icmalarının nümayəndələri iştirak edirdi. Müzakirələrə filoloqlarla yanaşı, riyaziyyatçılar, fiziklər, geoloqlar, türkoloqlar, bir sözlə, müxtəlif sahələrin elm adamlarının qatılması kollokviumun fərqli cəhətlərindən biri idi.

Açılış nitqində kollokviumda dünya səviyyəli qorqudşünasların iştirakını yüksək qiymətləndirən Dövlət müşaviri Kamal Abdullayev alimlərin səsləndirəcəyi təkliflərin "Kitabi-Dədə Qorqud" dastanının araşdırılması və təbliğatı işinə böyük töhvələr verəcəyinə əminliyini vurğuladı.

Birinci gün kollokviumun ümumu rəyi belə oldu: təkliflər ümumiləşdirilərək tədbirlər planı hazırlansın.

İkinci gün kollokviumun üzvləri və iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna toplandılar. Fondun könüllüləri xarici qonaqlardan Bakı haqqında təəssüratlarını soruşdular. Əksəriyyəti bir neçə dəfə Bakıda olmuşdu. Həm görünüş, həm də mahiyyətcə inkişafın açıq-aşkar göründüyünü dedilər. "Dənizin sahilindəki paytaxt belə istiqanlı insanları ilə gözəl olmaya bilməz" - Hendrik Boeschotenin sözləridir. "Bakıya gələn kimi birinci bunu düşünürəm: təəssüf ki, geriyə tez qayıdacağam. Bəzən səfərim uzun sürsə də, Bakıdan qayıdanda elə bilirəm, az gəzdim, gözəlliklərdən doymadm" - Sandro Tetinin əlavəsidir.

Bilik Fondunun konfrans zalı. Qorqudşünasların qarşısında konkret təkliflər planı var. 60-dan çox təklif bənd-bənd müzakirəyə çıxarılır, fikir mübadiləsi aparılır, sözün mənası, cümlənin qrammatik quruluşu, mövzunun aktuallığı incələnir. Müzakirələr 3 saata qədər çəkir. Birinci gün olduğu kimi, qəzet və saytlar reportaj hazırlayır, televiziyalar - süjet. Nəhayət "Kitabi-Dədə Qorqud" dastanının təbliğatına yönəlik 2015-ci il boyu keçiriləcək tədbirlərin proqramı müəyyənləşdirilir. Proqramı icra edəcək təşkilat komitəsi və işçi qrupu yaradılır. Koordinasiya işləri Bilik Fonduna tapşırılır.

Kollokviuma Bakı Slavyan Universitetində yekun vurulacaq. Qorqudşünaslar BSU-ya Dədə Qorqud parkını gəzəndən sonra gedəcəklər. Narın yağış yağır.

Xarici elm adamlarına "Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncam barəsində məlumat verilir, "Kitabi-Dədə Qorqud" abidəsinin 2013-cü ildə ucaldıldığı bildirilir. Qorqudşünaslar parkda xatirə şəkli çəkdirirlər.

Müxtəlif universitet tələbələrinin iştirakı ilə BSU-da davam etdirilən toplantıda kollokvium iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayırlar. Kollokvium daha bir hadisə ilə tarixiləşir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti və Türkiyənin Yunus Emre İnstitutu arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanır.

Dədə Qorqud irsinin təbliğatçıları həmkarları ilə söhbətlərindən məmnun olduqlarını dilə gətirirlər. "Kitabi-Dədə Qorqud" dastanının dünyaya tanıdılmasında müstəsna rol oynayan Fridrix fon Ditsin türkoloji araşdırmalarının geniş yayılmasına böyük ehtiyac olduğunu vurğulayan qorqudşünaslar bu istiqamətdə əqli və fiziki imkanlarını əsirgəməyəcəklərini deyirlər.

Azərbaycan sevdalı dəyərli qonaqlarımızı vətənlərinə yol salırıq. Yenə görüşəcəyik. Ortada bir illik konkret fəaliyyət proqramı var. Dədə Qorqud işığı altında uzun incə yola çıxmışıq.

Fevralın 1-i. Dövlət müşaviri Kamal Abdullayev kollokviumla bağlı düşüncələrini belə ifadə edir: ""Kitabi-dədə Qorqud" - Fridrix fon Dits - 200" beynəlxalq kollokviumu öz işini bitirdi. Daha doğrusu, bir il üçün görüləcək yeni işlərin istiqamətini müəyyənləşdirdi. Xarici və yerli qorqudsevərlər yenə bir araya gəldi və bu dəfə biz birlikdə böyük alman şərqşünas alimi, diplomatı, Şərq aşiqi Fridrix fon Ditsə öz vəfa borcumuzu ödəməyə çalışdıq.

Kollokvium bitdi, yaşasın kollokvium!

Dədə Qorqud belə demiş: "Haqq yandıran çırağınız sönməz olsun!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti