...

Reklama ehtiyacı olan sosial reklamlar

Cəmiyyət Materials 7 Fevral 2015 14:16 (UTC +04:00)
Azərbaycanda hamı sosial xarakterli reklamların azlığından şikayət edir. Tənqidə həm bu cür reklamı hazırlayıb təqdim etməli olan dövlət qurumları, həm də onları yaymalı olan telekanallar tuş gəlib.
Reklama ehtiyacı olan sosial reklamlar

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Azərbaycanda hamı sosial xarakterli reklamların azlığından şikayət edir. Tənqidə həm bu cür reklamı hazırlayıb təqdim etməli olan dövlət qurumları, həm də onları yaymalı olan telekanallar tuş gəlib.

Dövlətin mənafeyinə və əhalinin maarifləndirilməsinə xidmət edən sosial reklamların azlığında dövlət qurumlarının özləri də məsuliyyət daşıyırlar. Düzdür onlar əks arqument kimi belə reklam çarxlarına görə telekanalların pul almasını göstərə bilərlər. Lakin sosial reklamların yayımlanma yeri təkcə telekanallar deyil axı. Reklamı radiostansiyalarda, Bakı Metropolitenində, küçə və prospektlərdə əhalinin diqqətinə çatdırmaq mümkündür.

Ölkəmizdə ən çox rast gəlinən sosial reklamlar avtomobillərdə təhlükəsizlik kəmərinin önəmi, qazdan düzgün istifadə qaydaları ilə bağlıdır. Bunlar da daha çox epizodik və mövsümi xdaraktar daşıyır.

İnsan sağlamlığı üçün zərərli olan siqaret və spirtli içkilərlə bağlı axırıncı dəfə nə zaman sosial reklam çəkildiyini xatırlamaq çətindir. Halbuki dövlət qurumlarına sosial reklamların çəkilməsi üçün müəyyən vəsait ayrılır.

Sosial reklamlar ya pulsuz olmalıdır, yaxud bunun hər iki tərəf (təqdim edən və yayımlayan) üçün məqbul qiyməti müəyyənləşdirilməlidir. Unutmaq olmaz ki, telekanalların "çörək ağacı" məhz reklamlardır.

Bununla belə telekanalların özü də sosial xarakterli reklamlar hazırlamaqda maraqlı olmalıdırlar. Bunun ən yaxşı örnəyini Türkiyədən götürmək olar. Orada bu kimi mövzular dövlətin dəstəyi ilə ayrıca veriliş kimi tamaşaçıların diqqətinə çatdırılır.

Çox maraqlı hazırlanan belə proqramlar sayəsində həm telekanallar əlavə tamaşaçı qazanır, həm də dövlət qurumları əhalini maarifləndirmiş olur.

Digər problem sosial mövzulu reklamların yayılma vaxtı və effektiv çəkilməsi ilə əlaqədardır. Belə reklamların geniş kütləyə xitab edilə bilməsi üçün telekanallarda daha çox tamaşaçının toplaşdığı vaxt kəsiyində, eləcə də ən populyar verilişlər sırasında yayımlanmalıdır.

Məqsədə çatmaq üçün sosial reklamlar bayağı deyil, insanların düşündürəcək qədər baxımlı çəkilməlidir. Lazım gələrsə, bu işə xarici mütəxəssislər cəlb edilməlidir.

Müharibə şəraitində olan Azərbaycan üçün vətənpərvərlik ruhunda hazırlanacaq reklamlara da ehtiyac duyulur. Küçə və prospektlərdəki avtomobil, mobil telefon və ya bank kreditlərini belə mövzularla əvəz etməyin vaxtı çoxdan çatıb.

Təhsil müəssisələri, insanların gur toplaşdığı ərazilərdə sosial reklam lövhələrinin olması daha çox səmərə verə bilər. Bura Bakı Metropoliteni də daxil olmaqla, ictimai nəqliyyat vasitələrini də aid etmək lazımdır.

Bu gün reklam bazarında görünən mənzərə belədir ki, sosial reklamların özünün reklama ehtiyacı var. Bu ehtiyacı qarşılamaq üçün dövlət və özəl sektorun həmrəyliyi qaçılmazdır. Bu işdən qazanan yalnız əhali olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti