...

Mikayıl Cabbarov ali məktəblərə çağırış etdi

Cəmiyyət Materials 6 Mart 2015 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil naziri Mikayıl Cabbarov ali məktəbləri tələbələrlə daha aktiv işləməyə və onların asudə vaxtlarının təşkili üçün yeni istiqamətlər müəyyənləşdirərək inkişaf etdirməyə çağırıb.

Trend-in məlumatına görə, Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirlliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib ki, tələbələrlə ali təhsil sistemində daha faydalı və fəal şəkildə işləmək mümkündür. Bunun üçün ali məktəbləri yeni alətlər axtarmağa çağıran nazirin sözlərinə görə, bu gün tələbələrlə iş, xüsusilə onların tərbiyə işində, asudə vaxtlarının təşkilində və bir vətəndaş kimi formalaşmasında ali təhsil sisteminin rolu əvəzsizdir.

Ancaq M.Cabbarov hesab edir ki, bu gün tələbələrlə işin qurulması əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib: "Çünki hər bir tələbə, o cümlədən insanlar üçün rəqabət yüksəlib, amma vaxt daralıb. Düşünürəm ki, bu istiqamətdə bir çox təcrübələrə baxa bilərik".

Nazirin fikrincə, ali təhsil müəssisələrində tələbələrin maraqları üzrə istiqamətlər inkişaf etdirilməlidir. O, bu istiqamətlərdən birinin də bədən tərbiyəsi olduğunu deyib: "Ali təhsil proqramlarından bədən tərbiyəsi fənni çıxarılıb. Biz düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli deyil. Әksinə, düşünürük ki, bu, o dərəcədə əhəmiyyətlidir ki, biz ali təhsil sistemində onun real inkişafı və dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq. Lakin ali məktəblərdəki məhdud müddət ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün bədən tərbiyəsinin ali təhsil səviyyəsi ilə bağlantısını görmürük. Bız görürük ki, tələbələr güləşlə, futbolla maraqlana, bir qismi isə oxu zallarından zövq ala bilər".

Nazir qeyd edib ki, onların missiyası yalnız peşəkarın hazırlanması ilə yekunlaşa bilməz. Buna görə də bu istiqamətdə olan fəaliyyətin dəstəklənməsi üçün təkliflər qəbul etməyə və onları dəstəkləməyə hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti