Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə görüş olub.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Dövlət Komitəsində Türkiyə Baş nazirinin böyük müşaviri, professor Hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamladıqdan sonra yaxın günlərdə Türkiyəyə etdiyi rəsmi səfərdən məmnunluqla danışıb. O, qeyd edib ki, Türkiyənin türk-müsəlman dövləti olaraq Sivilizasiyalar Alyansının yaradılmasında və fəaliyyətində böyük rolu var. Qloballaşan dünyada isə sivilizasiyaların anlaşması və dialoqu olduqca mühüm məsələdir.
Səmimi qəbula görə təşəkkür edən H.B.Karlığa vurğulayıb ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir və iki ölkənin kədəri də, sevinci də eynidir.
Daha sonra qonaq BMT Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumu ilə bağlı fikirlərini bölüşüb: "İki qardaş ölkə olaraq bilik və təcrübə mübadiləsi ümumi işimizə böyük fayda verəcək. Azərbaycanın bütün dünyada tolerantlıq və multikulturalizmi dövlət səviyyəsində yürüdən bir ölkə olaraq belə bir foruma ev sahibliyi etməsi çox vacibdir. Bu cür forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir".
Daha sonra Qlobal Foruma hazırlıq çərçivəsində görüləcək işlər, 127 ölkənin iştirak edəcəyi forumda Azərbaycanın yüksək səviyyədə təqdimatı, Dövlət Komitəsinin bu sahədə görə biləcəyi işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Türk və İslam dünyasının dünya elminə və mədəniyyətinə saysız-hesabsız töhfələr verməsi, dünya mədəniyyət tarixində böyük rolu olması kimi vacib məqamların yüksək səviyyəli tədbirlərdən dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb.