...

Avropa Oyunlarının son ulduz elçisi jurnalist oldu

Cəmiyyət Materials 2 Aprel 2015 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bakı 2015 Birinci Avropa Oyunlarının ulduz elçilər komandasına yeni qoşulan tanınmış şəxsin adını açıqlayıb. Bu, məşhur televiziya aparıcısı və xeyriyyə layihələrinin müəllifi olan Nuran Hüseynovdur.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, N.Hüseynov xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var, 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olub.

N.Hüseynovun komandaya qatılması ilə Bakı 2015-in mədəniyyət sahəsindən seçilən ulduz elçilərinin sayı 15-ə çatdı.

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov N.Hüseynovu Birinci Avropa Oyunlarının son ulduz elçisi kimi salamlamaqdan məmnun olduğunu bildirib: "Nuran Azərbaycanda tanınmış jurnalistlərdəndir və öz tamaşaçılarının böyük rəğbətini qazanıb. O, ulduz elçi olaraq Bakı 2015-in dəyərlərini təbliğ etməyə kömək edəcək. Nuran Bakı 2015 komandası üçün layiqli sima və mükəmməl seçimdir".

N.Hüseynov müğənnilər Tünzalə Ağayeva, Röya, Miri Yusif, "Avroviziya" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, aktyorlar Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçi DJ Shock, eləcə də tanınmış aparıcılar Murad Dadaşov, İlkin Həsəni və Azər Qəribdən sonra növbəti ulduz elçi oldu.

Bu barədə N.Hüseynov bildirib: "İlk Avropa Oyunlarının ulduz elçisi seçildiyim üçün qürur hissi duyuram. İdman hər zaman məni ruhlandırıb, idmanın insanları bir araya gətirməyə və sağlam həyat tərzini təlqin etməyə yardımçı olduğuna inanıram. Çətinlikləri dəf etmək həyatın bir hissəsidir və idmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam, burada iştirak etməyin yarada biləcəyi imkanları və digər üstünlükləri təbliğ edəcəyəm".

Ulduz elçilər proqramı Birinci Avropa Oyunları haqqında məlumatları ulduzların məşhurluğundan istifadə edərək, onların çağırışı ilə Azərbaycan və Avropadakı tamaşaçı kütləsinə çatdırmaq üçün Bakı 2015-ə şərait yaradır.

Proqramın iştirakçıları arenalara gedərək, geri sayım tədbirlərində iştirak etməklə kampaniyalara dəstək verərək və şəxsi sosial media kanallarından istifadə edərək Oyunları milyonlarla izləyici arasında təbliğ etməyə kömək göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti