Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunan "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev giriş sözü ilə çıxış edib.
Konfederasiya sədri bildirib ki, AHİK Ümumdünya Əməyin Mühafizəsi (28 aprel) gününə həsr olunmuş ümümrespublika müsabiqəsi çərçivəsində bütün sahə həmkarlar ittifaqı orqanları "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə müsabiqə keçirilib. 2014-cü ildə keçirilən müsabiqədə 1650-dən artıq müəssisə, təşkilat, sex və sahə iştirak edib.
Onun sözlərinə görə, il ərzində 13895 işçini, o cümlədən 832 qadın işçini əhatə edən müəssisə və təşkilatlarda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-proflaktika işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, işçilərin sosial- məişət şəraitinin yaxşılaşdırılması sahəsində 214 yoxlama həyata keçiriblər. Müəssisələrin 28-də bütün işçilər zərərli iş şəraitindən kənarlaşdırılıb, 11 müəssisədə isə belə şəraitdə işləyənlərin sayı orta hesabla 25,7 faiz azalıb.
AHİK-in müsabiqə komissiyası 135-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 20 sahə həmkarlar ittifaqını təmsil edən 39 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.
S.Mehbalıyev ümidvar olduğunu bildirib ki, işçilərə normal iş şəraitinin yaradılması hüquqi normativ aktların beynəlxalq normalara uyğun qəbul olunmasına imkan verəcək, AHİK və onun üzv təşkilatları bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.
Çıxışının sonunda AHİK sədri "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsi qaliblərini qazandıqları yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə 20 sahə həmkarlar ittifaqını təmsil edən 39 müəssisə, təşkilat, sex və sahənin qaliblərinə AHİK-in diplomları və qiymətli hədiyyələr təqdim olunub.