...

Təhsil Nazirliyi: Elmin İnkişafı Fondunun ayırdığı qrant maliyyəsində təhsil müəssisələrinin 7 faiz təşkil etməsi təəssüf doğurur

Cəmiyyət Materials 14 May 2015 13:33 (UTC +04:00)
"Azərbaycanın elmi potensialının yarısından çoxunun təhsil müəssisələrində, xüsusilə ali təhsil müəssisələrində cəmlənməsinə baxmayaraq, onların Elmin İnkişafı Fondu (EİF) ərəfindən ayrılan qrant maliyyəsindəki payının cəmi 7 faiz təşkil etməsi təəssüf doğuran haldır".
Təhsil Nazirliyi: Elmin İnkişafı Fondunun ayırdığı qrant maliyyəsində təhsil müəssisələrinin 7 faiz təşkil etməsi təəssüf doğurur

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycanın elmi potensialının yarısından çoxunun təhsil müəssisələrində, xüsusilə ali təhsil müəssisələrində cəmlənməsinə baxmayaraq, onların Elmin İnkişafı Fondu (EİF) ərəfindən ayrılan qrant maliyyəsindəki payının cəmi 7 faiz təşkil etməsi təəssüf doğuran haldır".

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Azərbaycan Respublikasının Prezidenti yanında EİF-nin keçirdiyi müsabiqələrin qalib layihələrinin təqdimatı mərasimində çıxış edərkən deyib. Nazirlik rəsmisi deyib ki, bu vəziyyət həm fondun, həm də ali məktəb rəhbərlərini düşündürməlidir.

Y.Piriyev bildirib ki, 2010-cu ilə qədər elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün əsas maliyyələşmə mənbəyi dövlət büdcəsi idi: "2010-cu ildən etibarən ali təhsil müəssisələri adambaşına maliyyələşmə prinsipinə keçdikdən sonra ali təhsilin keyfiyyəti deyil, kütləviliyi prinsipi dominant mövqe tutub. Bu dəyişiklik ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin qəbul olunmuş tələbələrin sayından asılı edilməsinə görə baş verib. Beləliklə, qəbul olunmuş tələbələrin sayı ali məktəbin ala biləcəyi maliyyənin həcminin müəyyənləşdirilməsində yeganə faktora cevrilib. Təbii ki, vəsait çatışmazlığı şəraitində tələbələrin sayı nisbətən az olan və təhsil haqqı yüksək olmayan ali məktəblərimiz qənaət rejiminə keçib. Odur ki, bir çox universitetlər üçün elmi tədqiqatların yeganə maliyyələşdirilmə mənbəyi kimi Elmin İnkişafı Fondu çıxış edir".

Y.Piriyev qeyd edib ki, lakin tədqiqatların maliyyələşdirilməsində bütün ali təhsil müəssisələri üçün eyni imkanlar yaradılmır. Maliyyələşmədə ən çox korluq çəkən regional universitetlər bu imkanlardan yararlana bilmirlər.

Nazirlik rəsmisi əlavə edib ki, EİF tərəfindən 2010-2014-cü illərdə keçirilən 17 müxtəlif müsabiqədə 315 layihədən 94-nün rəhbəri ali məktəbi təmsil edib. Qeyd olunan 315 layihədən yalnız 74-nün icraçısı Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti