...

Azərbaycanın "Milan Expo 2015" sərgisindəki pavilyonu Bakıya gətiriləcək (FOTO - II hissə)

Cəmiyyət Materials 8 İyun 2015 14:47 (UTC +04:00)
Beynəlxalq "Milan Expo 2015" sərgisindəki Azərbaycanın pavilyonu 6 aylıq ekspozisiya başa çatdıqdan sonra Bakıya gətiriləcək.
Azərbaycanın "Milan Expo 2015" sərgisindəki pavilyonu Bakıya gətiriləcək (FOTO - II hissə)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Elçin Hüseynov

Beynəlxalq "Milan Expo 2015" sərgisindəki Azərbaycanın pavilyonu 6 aylıq ekspozisiya başa çatdıqdan sonra Bakıya gətiriləcək.

Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov jurnalistlərə bildirib ki, Azərbaycanın pavilyonu ilkin olaraq ekoloji təmiz, asan emal edilən materiallardan qurulub: "Pavilyon yarım il sərgidə fəaliyyət göstərdikdən sonra onun Bakıda Biomüxtəliflik Mərkəzi kimi gələcəkdə daimi ekspozisiyası üçün sökülərək paytaxta gətirilməsi nəzərdə nəzərdə tutulur".

Onun sözlərinə əsasən, hazırda pavilyonun yerləşdiriləcəyi yerlə bağlı məsələ müzakirə olunur.

A.Ələkbərov qeyd edib ki, milli pavilyonun binası ən müasir səviyyədə qurulub və bu, layihə üzərində çalışmış 300 mütəxəssisdən ibarət komandanın işinin bəhrəsidir: "Layihəni hazırlayanlar pavilyonun rəsmiləşdirilməsi və Azərbaycanın təqdimatına interaktiv yanaşmanı əsas götürüblər. Burada çoxsaylı monitorinqlərlə yanaşı, "Mirroring Baku" layihəsi quraşdırılıb. Bu layihə insan hündürlüyündəki monitorinq vasitəsilə Bakı və sərgi iştirakçıları arasında əlaqə yaratmağa imkan verir. Bu çoxfunksiyalı pavilyon 15 milyon avroya başa gəlib. "Milan Expo" sərgisində 40-100 milyon avro dəyərində də ekspozisiyalar var".

O əlavə edib ki, sərgidə Azərbaycanın pavilyounun populyarlığı çox yüksəkdir: "Mayda təkcə ilk 25 iş günündə pavilyonu 900 mindən çox qonaq ziyarət edib, bəzi günlər isə onu 15-20 min nəfər ziyarət edir. Bakıda I Avropa Oyunlarının keçiriləcəyi dövrdə Milandakı Azərbaycan pavilyonunda böyük monitorun quraşdırılması planlaşdırılır. Onun vasitəsilə bütün qonaqlar real vaxt rejimində idman yarışlarını izləyə biləcəklər. Bu məqsədlə İtaliya teleşirkətlərinin biri ilə müvafiq razılıq əldə edilib. Ümumilikdə sərgidə 6 ay iştirak müddətində müxtəlif mövzulu sərgilər, konsertlər və şou-proqramlar, Azərbaycanın nazirlikləri, qurumları və şirkətlərinin ayrı-ayrı təqdimatları keçiriləcək".

A.Ələkbərov diqqətə çatdırıb ki, Azərbaycan "Milan Expo 2015" sərgisində Milli Gün keçirməyi planlaşdırır: "Hazırda Azərbaycan Milli Gününün keçirilmə tarixi və yeri razılaşdırılır".

Onun fikrincə, gələcəkdə beynəlxalq "Expo" sərgisi Bakıda da uğurla keçirilə bilər: "Bu, Azərbaycana investisiyaların cəlb edilməsi və ölkənin bundan sonra da populyarlaşması üçün ciddi stimul ola bilər".

"Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgi mayın 1-dən Milanda fəaliyyətə başlayıb. Sərgidə 145 ölkə iştirak edir. Bunlardan 54-ü milli pavilyonla, qalanları klasterlərlə (ekspoziyalar) təmsil olunur.

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi sayəsində Azərbaycan ilk dəfə "Milan Expo 2015" sərgisində təqdim edilib. 4 mərtəbəli milli pavilyon "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adını daşıyır.

I hissə: http://az.trend.az/azerbaijan/society/2402647.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti