...

Vasim Məmmədəliyev: Radikallarla mübarizə o demək deyil ki, əlinə çomaq almalısan

Cəmiyyət Materials 16 İyul 2015 12:06 (UTC +04:00)
“Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə görmürəm”.
Vasim Məmmədəliyev: Radikallarla mübarizə o demək deyil ki, əlinə çomaq almalısan

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə görmürəm".

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev deyib.

O, radikal dini cərəyanlarla mübarizə sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QMİ-nin gördüyü işləri yüksək dəyərləndirib: "Radikallarla mübarizə o demək deyil ki, əlinə çomaq almalısan. İnsanlara izah etmək lazımdır ki, tutduqları yol düz deyil. İslam dini orta yolu seçən din hesab olunur".

Akademik bildirib ki, Azərbaycanda radikal dini cərəyanlarla mübarizə sahəsində mütəmadi iş aparılır: "Mən Şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, din xadimləri ilə bir neçə rayonda olmuşam. Bütövlükdə görülən işləri müsbət qiymətləndirirəm. Amma bu elə bir fəaliyyətdir ki, bir günün içərisində dönüş ola bilməz. Bu mübarizəni təkamül yolu ilə davam etdirməkdən, heç bir çətinlikdən qorxmaq lazım deyil. İnsanları mənəvi cəhətdən başa salmaq lazımdır ki, tutduqları yol düz deyil".

Azərbayanda radikal dini cərəyanlarla bağlı real təhlükə görmədiyini söyləyən V.Məmmədəliyev əlavə edib ki, adamlar dini baxışlarına görə radikal olurlar: "Lakin onlarda heç də hər şeyə qarşı radikallıq yoxdur. Bu radikallıq insanlardan yavaş-yavaş, tədricən gedə bilər. Bunun üçün də maarifləndirmə işini gücləndirmək lazımdır. Bu sahədə QMİ-nin, Dövlət Komitəsinin, KİV-in də üzərinə böyük vəzifələr düşür. Bu qurumlar əl-ələ verib işləyirlər, inanıram ki, nəticəsi də yaxşı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti