...

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarımillik hesabatla çıxış edib

Cəmiyyət Materials 22 İyul 2015 16:55 (UTC +04:00)
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin I yarımili ərzində görülmüş işlərə dair hesabatla çıxış edib.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarımillik hesabatla çıxış edib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin I yarımili ərzində görülmüş işlərə dair hesabatla çıxış edib.

Trend xəbər verir ki, iyulun 22-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Mətbuat konfransını giriş sözü ilə açan K.Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiqlik və yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi 2015-ci ilin I yarısında da bütün sahələrdə yenidənqurma işləri davam etdirilib, mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2015-ci il tarixdə Azərbaycanın milli bayramı - "Respublika Günü" münasibətilə rəsmi qəbulda və digər çıxışlarında korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparıldığını, bu istiqamətdə görülmüş işlərin yüksək qiymətləndirildiyini qeyd etməsi, bu kimi neqativ təzahürlərə qarşı mübarizə istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoyub.

K.Əliyev xüsusi vurğulayıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini cari ilin I yarımili ərzində də uğurla davam etdirib.

K.Əliyev bu müddət ərzində vətəndaşların müraciəti, başlanan cinayət işləri, onların xarakteri və istiqamətləri barədə məlumat verib, statistik məlumatları açıqlayıb.

Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək bildirib ki, cari ilin birinci yarımili ərzində Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini vermiş, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranıb. Hesabat dövrü ərzində Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilib, o cümlədən "Korrupsiya halları barədə məlumat verən şəxslərin müdafiəsi haqqında" qanun layihəsi hazırlanıb. Bundan başqa, korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində "ASAN" xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Mətbuat konfransında bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

Belə ki, hesabat dövrü ərzində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM), habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində və bir sıra digər beynəlxalq tədbirlərdə Baş İdarə əməkdaşları fəal iştirak ediblər.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilib.

Cari il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin I yarımili ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.

QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti