...

Azərbaycanda "Avro 4"-ün tətbiqi ekoloji vəziyyəti yaxşılaşdırıb

Cəmiyyət Materials 29 İyul 2015 15:22 (UTC +04:00)
Azərbaycanda “Avro 4” standartının tətbiqi ekoloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarıb.
Azərbaycanda "Avro 4"-ün tətbiqi ekoloji vəziyyəti yaxşılaşdırıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Elmir Murad/

Azərbaycanda "Avro 4" standartının tətbiqi ekoloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarıb. Bunu Trend-ə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Bu istiqamətdə işlərin dayanmadığını deyən qurum təmsilçisi hesab edir ki, əsas məqsədə nail olunub: "Bu standartın tətbiqi Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən amildir. Əsas məqsəd budur. Atmosferə atılan zərərli maddələrin miqdarı kəskin şəkildə azalıb. Bunu hər birimiz gözlə görməsək də, öz həyat və fəaliyyətimizdə hiss edirik".

F.Talıblının sözlərinə görə, ekoloji vəziyyətin yaxşılaşması ilə yanaşı, ölkəyə "Avro 4" standartına uyğun avtomobillərin idxalı da başlayıb. Dövlət Gömrük Komitəsinin bununla bağlı mütəmadi statistika açıqladığını deyən mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycana gətirilən avtomobillərin sayında kəskin azalma var.

O, həmçinin yanacağın keyfiyyəti və "Avro 5" standartının tətbiqi məsələsinə də toxunub: "Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı işlər aparılır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bəzi yanacaqdoldurma məntəqələrində yanacağın satılması ilə bağlı həm keyfiyyət məsələlərinə, həm də onun kəmiyyətinə ciddi nəzarət edir. Yəni yanacağın norma daxilində və düzgün istehlakçıya çatdırılmasına nəzarət edirik. Hesab edirik ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan bu tələb, bu iş praktikada özünü çox müsbət göstərir və inanırıq ki, bu, hələ son mərhələ deyil. Gələcəkdə "Avro 5" standartına və ondan sonrakı ekoloji normalara uyğun işlərin aparılması ilə bağlı da işlər gedir. Hazırda həm SOCAR tərəfindən, həm də digər aidiyyəti qurumlar tərəfindən bu proses davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti