...

Katibliyin rəhbəri: Azərbaycan və İran arasında sərnişinlərin gediş-gəlişi asanlaşdırılmalıdır

Cəmiyyət Materials 3 Avqust 2015 12:36 (UTC +04:00)
Azərbaycan və İranın gömrükləri arasında qənaətbəxş uyğunluq yaradılmalı, sərnişinlərin gediş-gəlişi və yüklərin daşınması asanlaşdırılmalıdır.
Katibliyin rəhbəri: Azərbaycan və İran arasında sərnişinlərin gediş-gəlişi asanlaşdırılmalıdır

İran, Tehran, 3 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İranın gömrükləri arasında qənaətbəxş uyğunluq yaradılmalı, sərnişinlərin gediş-gəlişi və yüklərin daşınması asanlaşdırılmalıdır.

Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri (3-4 avqust) öncəsi Trend-ə müsahibə verən İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.

O deyib ki, sərhədlərdə müştərək bazarların salınması önəmli məsələdir. Bu, xüsusilə sərhəd zonasında yaşayan əhali və həmin şəhərlərin iqtisadi inkişafı üçün yaxşı bir addımdır: "İranda sərhəd bölgələrində belə sərhəd bazarlarını və azad iqtisadi zonaları inkişaf etdirmişik. Bu sahələrdə də müştərək sərmayə yatırmaqda maraqlıyıq. Əlbətdə infrastruktur da hazır olmalıdır. Yük daşımaları, dəmir yolu və gömrük məsələləri ilə bağlı problemlər aradan qaldırılmalıdır. Mən cənab Şahin Mustafayevin Tehrana səfərindən sonra həftənin sonunda Ərdəbil əyalətinə səfər edəcəm. Biləsuvar və Aslanduz keçid-məntəqələrinə baxış keçirəcəm. Hər iki ölkə gömrük və sərhəd-keçid məntəqələrində gediş-gəliş və yük daşımaları üçün vəziyyəti yaxşılaşdırmalıdır. İki ölkənin gömrükləri arsında qənaətbəx uyğunluq yaradılmalıdır. Sərnişinlərin gediş-gəlişi və yüklərin daşınması asanlaşdırılmalıdır".

Mehdi Möhtəşəmi deyib ki, hazırda iki ölkə arasında gündəmdə olan məsələ İran və Azərbaycan elektrik sistemlərinin sinxronlaşdırılması məsələsidir. Bu istiqamətdə də iş aparılır və müsbət nəticələrdə əldə olunub.

Komissiyanın katibliyinin rəhbərinin sözlərinə görə, İran elektrik sisteminin Azərbaycan vasitəsi ilə Şimali Qafqaz və Rusiyaya birləşdirilməsi və Azərbaycandan bəzi fəsillərdə 500 Meqavat elektrik enerjisinin idxalı üçün lazimi infrastruktur hazırlanıb: "Eləcə də sərhəddə və ya hər iki ölkənin torpaqlarında su elektrik stansiyalarının tikilməsi sahəsində danışıqlar aparırıq. Çox yaxşı müzakirələrimiz olub və hər iki ölkə bu sahədə əməkdaşlıq üçün hazırdır. Tikiləcək yeni elektrik stansiyalarından istehsal olunacaq elektrik enerjisi həm hər iki ölkə daxilində istifadə etmək və həm də digər ölkələrə satılmaq məqsədi ilə olacaq".

Mehdi Möhtəşəmi deyib ki, İranın maraqlı olduğu digər sahə də hər iki ölkənin sərhəddində və daxilində Yüksək Texnologiyalar Parkının salınması məsələsidir. Hazırda Sumqayıtda neft-kimya məhsulları istehsalı üçün belə bir park var: "Bilirsiz ki, İran neft-kimya məhsulları istehsal edən ölkələrdən biridir. Neft-kimya sahəsində biz Azərbaycanla əməkdaşlıq etməkdə çox maraqlıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti