...

DİN-dən Mingəçevir hadisələri ilə bağlı rəsmi reaksiya: 4 polis xəsarət alıb, 21 nəfər saxlanılıb

Cəmiyyət Materials 22 Avqust 2015 16:44 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Mingəçevir hadisələri ilə bağlı rəsmi məlumat yaydı.
DİN-dən Mingəçevir hadisələri ilə bağlı rəsmi reaksiya: 4 polis xəsarət alıb, 21 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Daxili İşlər Nazirliyi Mingəçevir hadisələri ilə bağlı rəsmi məlumat yaydı.

Trend xəbər verir ki, məlumatda avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyevin inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən aşağı atdığı bildirilir.

Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol vermiş və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstəriblər.

Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yararsız hala salınıb.

İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk.

Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti