...

Bakıya girə bilməyən avtomobillər üçün yaradılmış dayanacaqlara yollar çəkilib (FOTO+VİDEO)

Cəmiyyət Materials 14 Sentyabr 2015 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıya girə bilməyən avtomobillər üçün yaradılmış dayanacaqlara yollar çəkilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən, "Azəryolservis" tərəfindən şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və "VAZ yol qovşağı" adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində ödənişsiz dayanacaqların təşkili məqsədilə tikinti işləri aparılıb.

"Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində və "VAZ yol qovşağı" adlanan sahəsində yaradılan ödənişsiz duracağa giriş-çıxışı təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən 280 metr uzunluğunda və 12 metr enində yeni yol tikilib. Bununla da qovşaqla dayanacağa nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15 kilometrliyində yaradılan ödənişsiz duracağa giriş-çıxış məqsədilə isə uzunluğu 700 metr, eni 8 metr olan sürətli keçid zolağı tikilib. Burada avtobusların dayanması üçün tikilən "cib"likdə 130 paqon metr səki daşı da düzülüb. Yol kənarında abadlaşdırma, yaşıllaşdırma işləri həyata keçirilib, səkilərə bəzək daşları döşənib. Bundan başqa "Lökbatan dairəsi" istiqamətindən gələn nəqliyyat vasitələrinin geriyə dönmələri üçün ayrıcı zolaqdan yol verilib. Piyadaların rahat və təhlükəsiz şəkildə avtomobil yolunu keçməsini təmin etmək məqsədilə isə yeni piyada zolağı çəkilib və əraziyə lazımi yol nişanları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti