...

Ötən həftənin mənzərəsi

Cəmiyyət Materials 12 Oktyabr 2015 10:42 (UTC +04:00)

Xumar Ələkbərova - Trend

Ötən həftənin mənzərəsi Azərbaycanda, eləcə də dünyada baş verən bir çox diqqətə layiq hadisələrlə müxtəlif rəng çalarlı qazandı.

Atəşkəs rejimi hər həftə olduğu kimi, ötən həftə də pozuldu. Həftə sonu cəbhə xəttində gərginləşən döyüşlərdə düşmən 6 hərbçisini itirdi.

Həftə Azərbaycan üçün 1054 nəfərin deputatlığa namizədliyinin qeydə alınması ilə başladısa, həftə sonunda namizədlərin sayı 1246 nəfər təşkil etdi.

Azərbaycan Prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində Ucar və Göyçay rayonlarında oldu, yeni obyektlərin açılışında iştirak etdi.

Ötən həftə Prezident İlham Əliyevə Beynəlxalq "Fair Play" Komitəsinin xüsusi medalı təqdim olundu.

Yola saldığımız həftə Azərbaycanda Müəllim Günü qeyd olundu. Bu münasibətlə Prezident İlham Əliyev təhsil işçilərinə "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında sərəncam imzaladı.

Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclası öz işinə başladı. Ölkə Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclas iştirakçılarını qəbul etdi.

Ötən həftə qonaqpərvər Azərbaycan üçün yenə qonaqlı keçdi. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti, Gürcüstanın Baş naziri İrakli Qaribaşvil Azərbaycana səfər etdilər.

Yola saldığımız həftə Azərbaycan daim rastlaşdığı mənzərə ilə yenə rastlaşdı - ikili standartlar. Avropa Şurası Azərbaycanla insan haqları üzrə birgə işçi qrupundan çıxmaq barədə qərar verdi.

Ötən həftə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın anadan olmasının 76-cı ildönümü tamam oldu.

Azərbaycanın həftə sonu iqtisadi mənzərəsində dollar və avronun məzənnəsi yenə xəfif "rəqs etdi". Astarada Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə olundu.

Son günlər Azərbaycan gündəminin əsas mövzusunu təşkil edən şahmat üzrə Dünya Kubokunun sahibi də ötən həftə məlum oldu. Sergey Karyakin Dünya Kubokuna, həmçinin 96 min dollarlıq mükafata sahib oldu.

Azərbaycana ilk qar düşdü. Quba və Qusar ilk olaraq bu təbii hadisə ilə həftənin mənzərəsində bəyaz rəngə büründü.

Ötən həftə dünyanın mənzərəsi də təlatümlü rənglərlə boyandı. Rusiyanın hərbi təyyarələrlə Türkiyənin hava məkanını pozmasına cavab olaraq, Türkiyə Rusiyadan beynəlxalq hava hüququ prinsiplərinə hörmət göstərməyi tələb etdi. III Dünya Müharibəsi proqnozları eşidilməyə başlar-başlamaz, Rusiya Xəzər dənizindəki gəmilərindən yüksək dəqiqlikli silahlardan istifadə etməklə İŞİD-in Suriyadakı obyektlərini atəşə tutdu.


Dünyanın qara boyalarla rəngləyən isə həftə sonu Türkiyənin paytaxtı Ankarada dəmiryolu vağzalı yaxınlığında baş verən partlayışda sayı 97-ə çatan ölən və sayı 246-ya çatan yaralıların qanı ilə al rəngə boyandı.


Həftə sonu sevinən də oldu. Belə ki, 2015-ci il Nobel Sülh Mükafatının sahibi bəlli oldu. Mükafata Tunis Milli Dialoq Dördlüsü layiq görüldü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti